ABŞ-dan sensasion mesaj: “Vaşinqtonda durum dəyişir, Bakı və İrəvan…”
“Dövlət katibi Antoni Blinken bu həftə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasındakı danışıqlara ev sahibliyi edir.
Bunu ABŞ Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran “Wall Street Journal”da (WSJ) dərc olunan məqaləsində bildirib.
Onun sözlərinə görə, Blinken tərəfləri ABŞ-ın bir neçə günlük praktiki vasitəçiliyini gözləməyə hazırlayıb:
“Bu plan Vaşinqtonun sülh vasitəçisi kimi rolunun ciddi şəkildə genişləndiyini ifadə edir və bu, təqdirəlayiqdir. Cənab Blinken noyabrda da cənab Baryamov və Mirzoyanı qonaq etmişdi, amma o zaman qonaqlarını salamlamaqdan və onları birbaşa bir-biri ilə əlaqə saxlamağa təşviq etməkdən başqa bir şey etməmişdi. Cənab Blinken indi anlayır ki, Amerikanın daha çox iştirakı olmasa, Rusiya və İran sülh prosesini pozmaq üçün ermənilərlə işləyəcəklər”.
Doran qeyd edir ki, Azərbaycan 2020-ci ildə 1994-cü ildə başa çatan Birinci Qarabağ müharibəsində Ermənistanın işğal etdiyi əraziləri azad edərək İkinci Qarabağ müharibəsində qəti qələbə qazanıb. Ekspert 44 günlük müharibə zamanı Azərbaycanın Rusiya lideri Vladimir Putinin ballistik raket hədələrinə tuş gəldiyini yazır.
Doran Putinin Azərbaycan və Ermənistan arasında oynadığı “sülhməramlı oyun”un aranı sakitləşdirmədiyini söyləyir.
Amerikalı ekspert Rusiyanın hədəfinin Ermənistan kimi Azərbaycanda da mövcudluğunu təmin etmək olduğunu bildirir:
“Bu arada Rusiyanın ən azı üç bazası olan Ermənistanda əlçatmaz hərbi mövqeyi var. Rusiya əsgərləri Ermənistanın sərhədlərinin əsas seqmentlərində patrul xidməti aparır, rus hərbi zabitləri isə Ermənistan hava məkanına tam nəzarət edir. Bunun əksinə olaraq, Azərbaycan Prezidenti İlham Əliyev Moskva ilə münasibətlərdə nəzərəçarpacaq dərəcədə uğur qazanıb – keçmiş sovet respublikalarının demək olar ki, bütün digər liderlərindən daha uğurludur. Cənab Əliyev Azərbaycanın neft-qaz tədarük etdiyi Avropa ilə güclü iqtisadi əlaqələri gücləndirməklə yanaşı, eyni zamanda Türkiyə və İsraillə də dərin və davamlı müdafiə əlaqələrini inkişaf etdirib.
Təxminən son on il ərzində bu əlaqələr Azərbaycan ordusuna öz gücünü sabit və diqqətçəkən sürətlə artırmasına kömək etdi. Onun İkinci Qarabağ müharibəsində üzə çıxardığı gücü bir çox təcrübəli müşahidəçiləri, o cümlədən Moskva və Tehranı şoka saldı. Azərbaycan həm Rusiya, həm də İranla həmsərhəd olan yeganə ölkədir. Onun Türkiyə və İsraillə üçbucaq formasında birləşməsi xüsusilə Tehranı dəhşətə gətirir. İran əhalisinin ən azı beşdə birini təşkil edən və ən böyük qeyri-fars etnik qrup olan İran azərbaycanlılarından gələn dəstək də bura aiddir.
Nəticə etibarilə, Tehran Moskva və İrəvanla Türkiyə-İsrail-Azərbaycan ücbucağını tarazlaşdırmaq üçün üçtərəfli oxda işləyir. Bu ox sülh danışıqlarını alt-üst etməyə çalışır. Buna dolayısı ilə Cənubi Qafqazda diplomatiyaya önəmli enerji sərf edən Fransa Prezidenti Emmanuel Makron da kömək edir”.
Doran vurğulayır ki, Fransadakı erməni diasporunun təsiri altında olan Paris beynəlxalq səhnədə “özünəməxsus təşəbbüs”lərə meyli sayəsində Cənubi Qafqazda Rusiya və İranın oyununu gücləndirən mövqelər tutur:
“Bu bizi cənab Blinkenin dəyişən baxışına qaytarır. O, noyabrda özünü vasitəçilik edən Avropa Şurasının prezidenti Şarl Mişelin köməkçisi kimi görürdü. Bununla yanaşı, bu vaxt Makron digər addımlarla bərabər, cənab Mişelə təzyiq etməyə başladı ki, onu da birbaşa danışıqlara dəvət etsin. Bu çirkinliklər Avropanın vasitəçiliyini Bakının gözündə qeyri-legitim etdi.
Cənab Blinken indi anlayır ki, Amerika xətti Ermənistanı sülhə nail olmaq üçün sövq etmək və bununla da ABŞ-ın maraqlarını təhdid edən Rusiya-İran ittifaqı ilə əməkdaşlıq formalarını məhdudlaşdırmaq üçün yeganə əlverişli yol təklif edir”.
Mayk Doranın sözlərinə görə, Ermənistan Qarabağı suveren Azərbaycan ərazisi kimi tanımayana qədər münaqişə bitməyəcək:
“Ermənistan Baş naziri Nikol Paşinyan bu addımı atmağa hazır görünmür. Onun sözlərinə görə, Rusiya sülhməramlıları Laçın dəhlizini nəzarətdə saxlamalı və dəhlizin fəaliyyətini təmin etməlidirlər. Eyni zamanda, əlavə edib ki, Rusiyadan başqa heç kimin dəhlizə nəzarət etmək hüququ yoxdur.
Putin Qarabağ ermənilərindən piyon kimi istifadə edir. Gürcüstandakı cənubi osetinlər və abxazlar və ya Ukraynadakı rus icmaları kimi, Qarabağ erməniləri də ona rus imperializminə psevdohumanitar bəraət qazandırır. İrəvanın seçimi doğru olsa, Rusiyaya arxalanmadan Qarabağ ermənilərinin rifahı üçün ABŞ və müttəfiqləri ilə yanaşı, Bakıyla işləyə bilər”.
Ekspert hesab edir ki, Blinken geostrateji riskləri anlayır və ağıllı oyun aparır: “Ermənistanın Demokratlar Partiyasının içindəki dostları onu dayandıra biləcəklərmi? Növbəti bir neçə gün bizə cavab verə bilər”./teleqraf.com