O post “Laçın yolunun girişində” deyil! – Etiraz

 

Aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində (Laçın rayonunda) 1991-ci ildən sonra ilk dəfə olaraq sərhəd-buraxılış məntəqəsinin qurulması hamımızı sevindirdi. Möhtəşəm, uzunmüddətli perspektivdə sadəcə suverenliyimiz və ərazi bütövlüyümüz baxımından deyil, regionun gələcəyi və digər bəzi məsələlər baxımından da çox ciddi nəticələr yaradacaq hadisədir. Amma vacib bir məqam da var. Rəsmi açıqlamalarda “sərhəd-buraxılış məntəqəsinin Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında” qurulduğu qeyd edildi. Sonrakı bütün açıqlamalarda təxminən eyni ifadə (“Laçın-Xankəndi yolunun başlanğıcında qurulan”, ya da “Laçın-Xankəndi yolunda qurulan”) işlədilir. Hesab edirəm ki, terminlərə xüsusi diqqət etməliyik. Terminlər hüquqi və mənəvi cəhətdən əsaslı, eyni zamanda məqsədəuyğun olmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri QAFSAM sədri Araz Aslanlı qeyd edib.

Onun sözlərinə görə, sərhəd-buraxılış məntəqəsinin qurulduğu yer “Laçın dəhlizi”, ya da “Laçın-Xankəndi yolunun başlanğıcı” yox, “Azərbaycan-Ermənistan sərhədi (Laçın rayonu)” olmalıdır:

“Necə ki, Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsi” Biləsuvar-Ələt yolunun başlanğıcındakı deyil, Azərbaycan-İran sərhədindəki məntəqədir, “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsi Qazax-Gəncə yolunun başlanğıcındakı deyil, Azərbaycan-Gürcüstan sərhədindəki məntəqədir, “Samur” sərhəd-keçid məntəqəsi Qusar-Şabran (ya da Qusar-Quba yolunun) yolunun başlanğıcındakı deyil, Azərbaycan-Rusiya sərhədindəki məntəqədir, bu da eyni qaydada.

Sərhəd-buraxılış məntəqəsini yol ilə əlaqələndirmək ilk başda daxili auditoriya üçün maraqlı ola bilər (“yola nəzarət artıq bizdədir” düşüncəsi baxımından). Amma hüquqi və strateji baxımdan sərhəd-buraxılış məntəqəsinin sadəcə dövlətlərin adı və yerləşdiyi inzibati ərazi vahidi (ya da o yeri simvollaşdıran ifadə) ilə əlaqələndirilməsi daha doğrudur.

Müəyyən məqamlar üçün yolu qorumaq, yola nəzarət etmək xüsusi vurğulana bilər, amma ümumiyyətlə qorunan vətəndir, dövlətin ərazisidir. Sərhəd-buraxılış məntəqəsi Laçın-Xankəndi yolunun başlanğıcında qurulmayıb, sərhəddə qurulub, o məntəqədən sonra bir yol Xankəndiyə gedə bilər, bir yol Laçın rayonunun kəndinə, bir yol başqa istiqamətə.

Digər tərəfdən ifadələr elə seçilməlidir ki, xarici təbliğatda “yolu kəsmək” kimi deyil, sərhədi (suverenliyi) bərpa və nəzarəti təmin etmək kimi anlaşılsın (əslində olan da elə budur). Beləcə haqq işimizə də kölgə düşürməmiş olarıq”./axar.az

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password