Lentsov yenə Arutyunyanla görüşüb, vəd verdi
Rusiya sülhməramlı kontingentinin yeni komandanı Aleksandr Lentsov Xankəndidə yenidən separatçılarla görüşüb.
Görüşdə separatçıların lideri Araik Arutyunyan da daxil olmaqla, bir çox separatçı iştirak edib.
Onlar 10 noyabr 2020-ci il bəyanatını 6-cı maddəsinə (Laçın yolu ilə bağlı) əməl olunmasını istəyiblər. Lentsov isə yaxın günlərdə Bakıya gedəcəyini (onun 3 mayda Bakıya gələcəyi gözlənilir – red.) və müzakirələr aparacağını bildirib.
Bu, ötən həftə təyinat alan Lentsovun Arutyunyanla 2-ci, separatçılarla 3-cü görüşüdür.
Qeyd edək ki, Həkəri körpüsü üzərində sərhəd-keçid məntəqəsi qurulduqdan sonra erməni separatçılar və Ermənistan rəsmiləri 10 noyabr 2020-ci il bəyanatının 6-cı bəndini əsas gətirməyə çalışırlar. Halbuki sözügedən bəyanatın 4-cü bəndi – rus sülhməramlı kontingentinin yerləşməsi ilə erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxması və 9-cu bəndi – Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən və Rusiya FTX-nin nəzarətində olacaq yolun açılmasını təmin etməməklə, bəyanatın maddələrini çoxdan pozublar.
Əvəzində isə Azərbaycanın humanitar yol kimi maneəsiz gediş-gəlişə şərait yaratdığı Laçın yolundan silah, mina daşınması və Qarabağdakı qanunsuz silahlıların yenidən toparlanması, sayının artırılması üçün sui-istifadə ediblər.
Hazırda da yol humanitar məqsədlər üçün açıqdır, lakin Ermənistan artıq bu yolla silah-sursat, mina və şəxsi heyət daşıya bilmir./axar.az