“Rusiya fəlakətin astanasındadır” – “”Vaqner” bitir, Baxmutdan geri çəkiləcəyik”
“Vaqner” başçısı Yevgeni Priqojinin son müsahibəsi Rusiyada böyük səs-küyə səbəb olub.
Azərbaycanda öz ermənipərəst mövqeyi ilə yaxşı tanınan “jurnalist” Semyon Peqova müsahibə verən Priqojin kifayət qədər sərt və Rusiya-Ukrayna müharibəsinin perspektivi ilə bağlı pessimist fikirlər səsləndirib.
“Vaqner” başçısı yenə silah-sursat çatışmazlığından gileylənib və ölkənin hərbi-siyasi rəhbərliyini cinayətdə, hətta xəyanətdə günahlandırıb. Priqojin həmçinin, Rusiya rəhbərliyinə belə getsə, “Vaqner”-i Baxmutdan geri çəkəcəyinə dair xəbərdarlıq edib: “Bu gün biz o həddə çatmışıq ki, “Vaqner” özəl hərbi şirkəti bitir və qısa müddətdən sonra “Vaqner” ümumiyyətlə, mövcudluğunu bitirəcək. Biz tarixə qovuşacağıq…” Peqov Priqojinə deyib ki, bu açıqlaması ilə döyüşçüləri ruhdan sala bilər. Priqojin isə cavabında heç nədən çəkinmədiyini göstərərək, dediklərini bir daha təkrarlamağa hazır olduğunu qeyd edib.
Priqojin saysız-hesabsız itkilərə görə məsuliyyəti hərbi rəhbərliyin üzərinə ataraq, silah-sursat çatışmazlığının minlərlə rus əsgərinin ölümünə səbəb olduğunu söyləyib: “Statistika göstərir ki, silah-sursat çatışmadıqda itkilərin sayı 5 dəfə artıq olur. Ona görə də mənim Baş Prokurorluğa və İstintaq Komitəsinə böyük bir ərizə yazaraq, minlərlə rus əsgərinin ölümündə günahkar olanların məsuliyyətə cəlb olunmasını xahiş etməyimə çox az vaxt qalıb”.
Priqojin Baxmutda cəmi 100 metr irəliləmək üçün təkcə “Vaqner”-in 94 nəfər itirdiyini və xeyli sayda da yaralının olduğunu bildirib: “Bu gün “Vaqner” 100-150 metr irəliləyib… “Mərmi aclığı” nəticəsində həlak olan “vaqnerçilərin” sayı 94 nəfərdir. Əgər bizim mərmilərimiz olsaydı, itkilərin sayı 5 dəfə az olacaqdı”.
Ardınca “Vaqner” başçısı Rusiya hərbi-siyasi rəhbərliyini əməlli-başlı təhdid edib. “Jurnalist” Peqov Priqojinə deyib ki, çoxları “Vaqner”-ə çox silah-sursat verilməməsini bu hərbi birləşmənin həmin silahları Moskvaya qarşı çevirə biləcəyilə əlaqələndirir. Priqojin cavabında deyib: “Moskvaya yürüş barədə – bu, maraqlı fikirdir, ancaq bu barədə düşünməmişdik…” Peqov qorxusundan dərhal deyib ki, “mən bunu təklif etmədim…”
Daha sonra Priqojin ultimatum verərək, Ali Baş Komandana “Vaqner”-in Baxmutdan çıxacağına dair məktubla müraciət etməli olacağını deyib: “Biz “Vaqner” olaraq vətənpərvərik və Baxmutda son gülləmizə qədər gedəcəyik. Lakin bu güllələr artıq həftələrə yox, günlərə yetəcək qədərdir. Əgər silah-sursat defisiti aradan qaldırılmasa, biz ya Baxmutdan çıxacağıq, ya da qalıb həlak olacağıq. Böyük ehtimalla bölmələrin bir hissəsini çıxarmalı olacağıq. Sonra isə hər nə qədər bizim bürokratlar istəməsə də, cəbhə və qalan hər şey səpələnəcək!”
Nəhayət, Priqojin Rusiya ordusunun acizliyini açıq şəkildə etiraf edərək, bu müharibənin Rusiya üçün fəlakətlə bitəcəyini də proqnozlaşdırıb: “Rusiya fəlakətin astanasındadır! Biz fevralın 24-də getdik və nə edə bildik? Biz nəzəri cəhətdən dünyanın ikinci ordusunu nəyə çevirdik? Qoyun, tamaşaçılar özləri desin. Biz balaca Ukrayna ilə bacarmadıqsa…”
Doğrudan da Priqojinin dediklərində xeyli həqiqətlər var. Rusiya ordusu artıq müharibədən əvvəlki ordu deyil – nə fiziki, nə də mənəvi cəhətdən. Ancaq digər yandan Rusiya ordusu doğrudan da lap əvvəldən hər cəhətdən “dünyanın ikinci ordusu” olsaydı, irəliyə onun adlı-sanlı, bacarıqlı, qətiyyətli və savadlı generalları, sərkərdələri çıxardı, Priqojin kimilər yox.
İndi isə Rusiya üçün acı reallıq ondan ibarətdir ki, 3 günə Kiyevi alacağını bəyan edən, “qaşımızı qaldırsaq kifayətdir” deyən Kreml təbliğatçıları və Rusiya rəhbərliyindəki şovinsit, imperiyaçı qüvvə bu gün tükənmiş, ruhdan düşmüş, silah-sursat və peşəkar hərbçilər sarıdan qıtlıq yaşayan, Kiyevdə, Xarkovda, Xersonda “başı əzilmiş” və biabırçılıqla geri qaçmış, dinc insanlara qarşı saysız-hesabsız hərbi cinayətlər törətmiş, mülki əhalini bombalamış, özünü bütün dünyanın gözündə biabır etmiş, İran kimi geridə qalan və bütün dünyanın üz döndərdiyi molla rejiminin dronlarının, raketlərinin, Priqojin və Kadırov kimi “səhra komandirlərinin” və həbsxanalardan yığdığı cinayətkarların ümidinə qalmış və nəhayət, Ukrayna Ordusunun gözlənilən əks-hücum həmləsi qarşısında qorxudan “dizləri əsən” bir orduya malikdir. Belə bir “ordu” isə Priqojinin ən bədbin proqnozlarını belə doğrultmağa məhkumdur… /azpolitika.info”