Bakıya məsləhət görülən sənəd – “Paris və Vaşinqtona məqbuldursa…”
“Fransa və ABŞ-ın verdikləri bəyanatlar sadəcə erməniləri sakitləşdirmək üçün növbətçi xarakter daşıyır”.
Bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Xankəndi-Laçın yolu ətrafındakı son gəlişmələrə diqqət çəkib:
“ABŞ Dövlət Departamenti və Fransa Xarici İşlər Nazirliyinin Azərbaycanın Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin yaradılmasına etirazları və bununla bağlı 10 noyabr bəyanatına istinad etmələri məntiqsiz olmaqla yanaşı, Vaşinqton və Parisin təhlükəsizlik siyasətlərinə də uyğun deyil. Kreml həm Vaşinqton, həm də Parisin rəqibinə çevrilib, Ukrayna müharibəsi ipləri qoparıb. Nəticədə ABŞ və Fransanın Rusiyaya qarşı sərt sanksiyaları var.
Digər tərəfdən, bu səbəbdən Fransa və ABŞ Rusiya ilə bir masaya oturmaqdan imtina edir. Bu amilin Minsk qrupunun dağılmasında da rolu olub. Bütün bunlar varkən, Vaşinqton və Paris bizə məsləhət görür ki, rəqibləri – Rusiyanın vasitəçi olduğu noyabr bəyantına riayət etmək lazımdır. Rusiyanın vasitəçiliyi ilə qəbul edilən sənədlər belə məqbuldursa, Ukrayna başda olmaqla bütün beynəlxalq və regional platformalarda Kremlə qarşı niyə mübarizə aparısınız, yoxsa Azərbaycan-Ermənistan qarşıdurması sizin üçün istisnadır?”
Elxan Şahinoğlunun sözlərinə görə, Fransa və ABŞ-ın Azərbaycanın daxili işinə qarışmamalıdır – onların belə hüquqları yoxdur:
“Biz sərhədlərimizdə keçid məntəqələri yaradırıq, kimsə işimizə qarışa bilməz, verdikləri bəyanatlar sadəcə erməniləri sakitləşdirmək üçün növbətçi xarakter daşıyır. Yəni Vaşinqton və Paris ermənilərə deyirlər ki, biz Azərbaycana sözümüzü dedik, qalanı bizlik deyil, başınızın çarəsinə baxın. Bunu ermənilər də anladıqlarından reallıqla barışmaq məcburiyyətindədirlər”.