Ərdoğanın sözü gündəm oldu – “Barbarosun nəvəsi gücünü göstərəcək”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “TCG Anadolu” döyüş gəmisindən ikiqat böyüyünün inşa ediləcəyi ilə bağlı açıqlaması Yunanıstan mətbuatında əks-səda doğurub.
Yunan nəşrləri 14 may seçkilərinin 2023-cü ildə dünyanın ən mühüm hadisələrindən biri olduğunu, bundan əvvəl Ərdoğanın onun qələbəsinə yol açan həmlələr etdiyini yazırlar.
“Kathimerini” qəzeti Prezident Ərdoğanın çıxışını oxuclarına “Türkiyə nüvə gücünə çevrilir” başlığı ilə təqdim edib.
Yunan nəşri Türkiyə liderinin çıxışından bu hissəni sitat gətirib:
“Türkiyə dünyanın ən mühüm nüvə güclərindən birinə çevriləcək. Burada 4 blok var, birincisini açacağıq. Üç blok bir il fərqlə istifadəyə veriləcək. Bu, ölkə iqtisadiyyatına 6.5 milyard dollar töhfə verəcək. Türkiyə Əsri həm də enerji əsri olacaq”.
“Protothema” isə Ərdoğanın “TCG Anadolu”dan ikiqat böyüyünü inşa edəcəyinə söz verdiyini yazıb.
“İndi bundan ikiqat böyüyünü inşa edəcəyik. Təyyarədaşıyan gəmimizi daha da böyüdəcək, dənizlərdə gücümüzü artıracağıq. Barbarosun nəvələri öz gücünü Barbarosa göstərəcək”, – Türkiyə prezidenti deyib.