“Azərbaycan əhalisinin 76,8 faizi İranın regionda Ermənistanın maraqlarını qoruduğunu düşünür” – SORĞU
“Azərbaycan əhalisinin 76,8 faizi İranın regionda Ermənistanın maraqlarını qoruduğunu düşünür”.
Bu, Sosial Tədqiqatlar Mərkəzinin (STM) “İranın regionda maraqlarını necə xarakterizə edirsiniz?” sualı ilə bağlı keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə əsasən məlum olub.
Bildirilib ki, iştirakçıların 5,5%-i İranın Ermənistan və Azərbaycana münasibətdə tərəfsiz mövqedə olduğunu, cəmi 3,4%-i Azərbaycanın maraqlarını üstün tutduğunu ifadə edib.
Respondentlərin 14,3%-i bu barədə məlumatsız olduğunu bildirib, yaxud fikir bildirməkdə çətinlik çəkib.
Sorğu çərçivəsində respondentlərin “Sizcə, Azərbaycan İranla münasibətlərində ən çox hansı amili nəzərə almalıdır?” sualı ətrafında da fikirləri öyrənilib.
İranın Azərbaycana dini müdaxilə cəhdləri də iki ölkə münasibətlərində nəzərə alınmalı amillər sırasında qeyd edilib.
Respondentlərin əksəriyyəti (76,8%) İranın regionda Ermənistanın maraqlarını qoruduğunu ifadə etməsinə baxmayaraq, 29,7%-i Azərbaycanın İranla münasibətlərində tarixi köklərin və qonşuluq əlaqələrinin nəzərə alınmalı olduğunu qeyd edib. Bu fonda təqribən hər üç respondentdən birinin iki ölkə arasında yaxın qonşuluq münasibətlərinə istinad etməsi bir daha həm dövlət olaraq, həm də cəmiyyət olaraq Azərbaycanın İranla olan münasibətlərində dinc qonşuluq siyasətinə sadiqliyinin əyani göstəricisidir. Azərbaycanın İrana qarşı olan sanksiyalara qoşulmaması və öz ərazisindən İrana qarşı müdaxilə planlarına şərait yaratmaması fonunda ictimai rəydə İrandan da analoji mövqe gözləntisi təbiidir.
Qeyd edək ki, Azərbaycan öz milli maraqlarından irəli gələrək İranla yanaşı, digər ölkələrlə, eləcə də İsraillə münasibətlərə önəm verir. Sosial Tədqiqatlar Mərkəzinin 5 dekabr – 11 dekabr 2022-ci il tarixində keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə görə, Azərbaycanın İsraildə səfirlik açmasına ictimai münasibət müsbət olmuş və sorğuda iştirak edənlərin 61,0%-i “İsrail etibarlı tərəfdaşdır və səfirliyin olmasını zəruri hesab edirəm” cavabını qeyd edib.
“Sizcə, Azərbaycan İranla münasibətlərində ən çox hansı amili nəzərə almalıdır?” sualına iştirakçıların cəmi 1,6%-i İranın dünyada təcrid olunmuş, sanksiyalara məruz qalmış ölkə olması cavabını verib, 7,0%-i digər amilləri qeyd edib. Respondentlərin 17,7%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.
Son olaraq, respondentlərin 64,8%-i mart ayında baş verən silahlı insidentləri (hipermarketə hücum, millət vəkilinə sui-qəsd) xarici ölkələrin müdaxilə cəhdləri və təxribatları ilə əlaqələndirib. Respondentlərin 13,3%-i hadisələrin səbəblərini sosial-iqtisadi zəmində dəyərləndirməyə çalışarkən, cəmi 6,0%-i təhlükəsizliyin yetərincə təmin olunmaması, 4,4%-i digər səbəblərlə əsaslandırıb. Respondentlərin 11,5%-i cavab verməkdə çətinlik çəkib./oxu.az