Heydər Əliyevin Azərbaycan ədliyyəsinin inkişafına xüsusi rolu – Heydər Əliyev -100

 

Müasir dövrümüzün qlobal çağırışlarına cavab verən müstəqil Azərbaycanda bu gün mühüm islahatlar həyata keçirilir, uğurlu nəticələr əldə edlir. Təbii ki, bu islahatlar ölkəmizdə həyatın bütün sahələrini əhatə edir. Hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləyən, müstəqilliyini daha da möhkəmləndirən gənc respublikamız hazırda beynəlxalq aləmdə nüfuz, söz sahibi kimi öz yerini və rolunu gücləndirməkdədir.

Azərbaycanın demokratik dəyərlərə sadiq müstəqil dövlət kimi formalaşmasıda ümummilli lider Heydər Əliyevin böyük xidmətləri var. XX əsrin 90-cı illərinin əvvəllərində, müstəqilliyin bərpasının ilk vaxtlarında Azərbaycan böyük və çətin sınaqlarla üz-üzə qalmışdı, hətta dövlət olaraq var olmaq və ya yox olmaq kimi bir təhlükə ilə qarşı-qarşıya dayanmışdı. Hadisələr Azərbaycanın əleyhinə cərəyan edirdi, daxili qarşıdurmalar və xarici təzyiqlər isə müstəqillik və suverenliyimizin itirilməsi ilə nəticlənmək üzrə idi. Ümummilli lider Heydər Əliyev ölkəmizdə növbəti dəfə hakimiyyətə gələnə qədər…

Məlum olduğu kimi bu il  görkəmli siyasətçi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd olunacaq. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir. Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı ölkəmizin bütün bölgələrində hökumət və qeyri hökumət qurumlarının təşkilatçılığı silsilə tədbirlər keçirilir.

Ümummilli lider Heydər Əliyev həyatın bütün sahələrində, xüsusilə hüquqi, demokratik dövlət idarəçiliyinin yaradılması istiqamətində gördüyü işləri xüsusi olaraq qeyd etmək gərəkdir. O dövrdə yenicə müstəqillik əldə etmiş bir dövlətin inkişafında mükəmməl qanunvericlik bazasının yaradılması, qanunun aliliyinin təmin edilməsi mühüm şərt idi. “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir” deyən dahi lider Heydər Əliyevin rəhbərliyi ilə zaman keçdikcə bu sahədə böyük uğurlar qazanıldı. Ümummilli Lider yeni Konstitusiya layihəsinin hazırlanmasını öz üzərinə götürdü və bununla bağlı xüsusi yaradılmış Komissiyaya şəxsən rəhbərlik etdi. 1995-ci ilin noyabrında isə ümumxalq səsverməsi yolu ilə Konstitusiyamız qəbul edildi.

Azərbaycanda müstəqil məhkəmə hakimiyyətinin formalaşması ümummilli lider Heydər Əliyevin xüsusi diqqət mərkəzində olub. Konstitusiyanın qəbulu ilə məhkəmə hakimiyyəti dövlət hakimiyyətinin müstəqil qolunun bütün atributlarını, hüquqi dövlətin prinsip və vəzifələrinə uyğun olaraq qanunverici və icra hakimiyyəti ilə eyni statusu qazandı. Ulu Öndərin təşəbbüsü ilə 1997-ci ildə “Məhkəmələr və hakimlər haqqında” yeni Qanun qəbul edildi. Qanunun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair Fərman imzalandı. Ümummilli Liderimizin rəhbərliyi ilə aparılan əsaslı məhkəmə-hüquq islahatları nəticəsində keçmiş yeni, üçpilləli müstəqil məhkəmə sistemi formalaşdırıldı. 1998-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında məhkəmələrin təşkil edilməsi, hakim vəzifəsinə namizədlərin seçilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri öz səlahiyyətləri dairəsində həyata keçirmək vəzifələrini yerinə yetirən Məhkəmə-Hüquq Şurası təsis olundu.

Qanunun aliliyinin təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin genişləndirilməsi məqsədilə 2000-ci ilin sentyabr ayında Azərbaycanda üçpilləli yeni məhkəmə sistemi yaradılaraq fəaliyyətə başlamışdır.  İslahatların gedişində həmçinin Ali Məhkəmənin də funksiya və səlahiyyətlərinə yenidən baxılmış, ümumi və ixtisaslaşmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə sırf kassasiya instansiyası məhkəməsinə çevrilmiş və beləliklə, aşağı məhkəmələrin qərarlarına nəzarət etməkdən, işlərə birinci instansiya məhkəməsi kimi baxmaqdan azad olunmuşdur.

Ulu öndər Heydər Əliyev ideyalarını uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə məhkəmə sisteminin daha da müasirləşdirilərək Avropa standartlarına uyğunlaşdırılmasına başlanıldı. Bir çox mühüm islahatlarla yanaşı, yeni hakimlərin çoxmərhələli imtahanlardan, tədris və stajkeçmədən ibarət olan seçimləri xüsusi şəffaflığına və obyektivliyinə görə Avropa Şurası və Avropa İttifaqı tərəfindən yüksək dəyərləndirildi. Zaman keçdikcə yeni regional məhkəmə, apellyasiya məhkəmələri və inzibati ədliyyə sistemi yaradıldı, hakimlərin sayı 2 dəfə artırıldı, məhkəmə infrastrukturunun müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildi.

Bu gün demokratik və hüquqi dövlət quruculuğu prosesi Heydər Əliyev irsinin və siyasi kursunun ən layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin 3 aprel 2019-cu il tarixdə imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanda məhkəmə hakimiyyətinin, məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsinin, müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik olan ədalət mühakiməsinin formalaşdırılmasının bütün inkişaf istiqamətləri konkret olaraq müəyyən edilmişdir.

Fərmanda məhkəmə-hüquq sistemində şəffaflığın artırılması ilə bağlı önəmli məqamlar yer alıb. Bunlardan ən vacibi məhkəmələrin və digər orqanların qərarlarının qanunla müəyyən edilmiş müddətdə icrasının təmin edilməsi, “Elektron icra” informasiya sisteminin tətbiqinin genişləndirilməsi, icra məmurlarının süründürməçilik və sui-istifadə hallarına yol vermələrinin qarşısının alınması məqsədilə ciddi tədbirlərin görülməsinin əksini tapmasıdır. Fərmanın 7.1-ci bəndində məhkəmələrin və digər orqanların qərarlarının qanunla müəyyənləşdirilən müddətdə icrasının təmin edilməsi, “Elektron icra” informasiya sisteminin tətbiqinin genişləndirilməsi, icra məmurlarının süründürməçilik və sui-istifadə hallarına yol vermələrinin qarşısının alınması qeyd olunub.

Qeyd edək ki, qərarların vaxtında icra edilməsi, xüsusilə də “Elektron icra” informasiya sisteminin tətbiqinin genişləndirilməsi icra prosesi sahəsində çətinliklərin aradan qaldırılmasına yönələn əhəmiyyətli məsələlərdəndir. Belə ki, tələbkarın icra qurumu ilə birbaşa təmas olmadan icranın gedişi və nəticəsi barədə informasiya sistemləri vasitəsilə məlumat əldə imkanına malik olması həm vaxt itkisinin, həm də digər neqativ halların qarşısının alınmasına mühüm təsir göstərib. Artıq ölkəmizdə məhkəmə qərarlarının icrası işi xeyli yaxşılaşdırılıb, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunması istiqamətində köklü dəyişikliklərə nail olunub, yeni təsirli icra mexanizmləri tətbiq olunmaqla icra məmurlarının səlahiyyətləri genişləndirilib, xidmətin maddi-texniki bazası və infrastrukturu möhkəmləndirilib.

Mülki və iqtisadi münasibətlərin sürətlə artması, insanlarda məhkəmələrə inam hissinin yüksəlməsi məhkəmələrdə baxılan işlərin son illər dəfələrlə çoxalması ilə nəticələnmişdir. Ədalət mühakiməsinin səmərəliliyi məhkəmə qərarlarının düzgün və vaxtında icrası ilə sıx bağlı olduğundan icra işinin təkmilləşdirilməsi daim diqqətdə saxlanılır, icra xidməti yüksək hazırlıqlı və mənəvi keyfiyyətlərə malik işçilər hesabına möhkəmləndirilir, habelə məhkəmə qərarlarının icra olunmamasına görə zəruri təsirli tədbirlər görülür. Məhkəmə qərarlarının icrasının təmin edilməsində xüsusi rolu olan Nazirliyin İstintaq idarəsində ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması ilə bağlı bir çox məhkəmə qərarlarının icrasına istintaq zamanı nail olunmuşdur.

Buna görə də Azərbaycan ədliyyəsinin davamlı inkişafı yolunda əldə olunan nailiyyətlər bütün ədliyyə işçilərində böyük ruh yüksəkliyi doğurmaqla, hamımızın qurub-yaratmaq əzmini daha da artırır və biz elə çalışmalıyıq ki, ədliyyə və məhkəmə sisteminin inkişafı ölkəmizdə sosial-iqtisadi tərəqqisindən geri qalmasın.

Ədliyyə işçiləri ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və uğurla həyata keçirilən dövlətçilik amallarına daim sadiq qalaraq ölkəmizin daha da qüdrətlənməsi və demokratik hüquqi dövlət quruculuğu işində möhtərəm Prezidentimiz cənab İlham Əliyevə yardımçı olmağı özlərinin vəzifə və vətəndaşlıq borcu sayırlar.

 

Əlihüseyn Aslanov 

Bakı şəhəri, Nizami rayon İcra Şöbəsinin icra məmuru, I dərəcəli ədliyyə qulluqçusu

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password