Rus kəşfiyyatının “Qarabağ avantüristi” haqda – Şok sənədi
Rusiyalı təbliğatçı Vladlen Tatarskinin Sankt-Peterburqda öldürülməsindən sonra Federal Təhlükəsizlik Xidməti bənzər situasiyanın digər simalarla da yaşanacağından ehtiyatlanmağa başlayıb.
Bu barədə məlumat FTX-nin Rusiya mediasında yayımlanan məxfi sənədində yer alıb.
Məlumata görə, FTX rəhbəri Aleksandr Bortnikova ünvanlanan sənəddə daha 10 nəfərin Tatarski kimi məhv edilməsi təhdidinin olduğu vurğulanıb. Buna görə həmin şəxslərin təcili mühafizəsinin təşkil edilməsi üçün izn verilməsi xahiş edilib.
Siyahıya isə məşhur rusiyalı jurnalistlər daxil olublar. Onlar sırasında Dmitri Kiselyev, Boris Korçevnikov, Aleksandr Kots, Anton Krasovski, Andrey Norkin, Semyon Peqov, Yuri Podolyak və digərləri yer alıb.
Qeyd edək ki, FTX-nin hazırladığı siyahıda yer alan iki nəfər – Semyon Peqov və Aleksandr Kots Azərbaycana çox yaxşı tanışdır. Belə ki, hər iki şəxs təkcə Qarabağ müharibəsi yox, ondan sonra da Azərbaycana qarşı təbliğat kampaniyalarında iştirak edib. Xüsusilə Peqov bu işdə əsas tapşırığı Rusiyadakı erməni lobbisindən, daha dəqiq desək, tabeliyində çalışdığı Aram Qabrelyanovdan alıb.
Tatarski bir müddət əvvəl Sankt-Peterburqda partlayış nəticəsində öldürülüb. Onun partladıldığı restoran isə Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinə məxsusdur.