İran təklənir – Çin və Rusiya Zəngəzur dəhlizinin reallaşmasına çalışır
İrandakı Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin Fars Körfəzi və Qonşu Ölkələr Araşdırmaları şöbəsinin rəhbəri Cevad Hayraniyan Zəngəzur Dəhlizi il bağlı ölkəsinin mövqeyinin Rusiya və Çin tərəfindən qəbul edilmədiyini dilə gətirib.
Türk mediası xəbər verir ki, ekspertin sözlərinə görə, İranın strateji tərəfdaşları Rusiya və Çin Zəngəzur dəhlizinə Tehran administrasiyasından fərqli yanaşırlar. Dəhlizin reallaşmasından Çinin böyük fayda görəcəyinə işarə edən Hayraniyan, “Qafqaz regionu ölkələri ilə əlaqələr və İpək Yolu marşrutunun müəyyənləşdirilməsində Çinin İranla mövqeləri eyni deyil. Bu dəhliz Çinin Avropaya qoşulması üçün bir əlaqədir”.
Moskva rəhbərliyinin də məsələyə Tehrandan fərqli yanaşdığına diqqət çəkən Hayraniyan deyib ki, Rusiyanın Zəngəzur dəhlizinə baxışı İranla eyni deyil. Çünki 2020-ci ildə imzalanmış Azərbaycan-Ermənistan razılaşmasına əsasən, dəhlizlər nəzarət altında olacaq. “Ukrayna müharibəsindən sonra Moskvanın Ankaradan asıllılığı artıb. Rusiya Avropa ilə əlaqə yaratmaq üçün Türkiyədən daha çox asılı vəziyyətə düşüb. Həmçinin Rusiya enerjinin Avropaya ötürülməsi üçün Türkiyə ilə əməkdaşlıq edə bilər”. Ekspert Ermənistanın İran qədər narahat olmadığını bildirib.
Xatırladalır ki, Zəngəzur bir vaxtlar müsəlman türk əhalisinin yaşadığı tarixi Azərbaycan torpağı olsa da, 1920-ci illərdə Sovet İttifaqı tərəfindən Ermənistana birləşdirilib və bu gün də Ermənistanın sərhədləri daxilindədir. Zəngəzurun Ermənistana verilməsi ilə Azərbaycan Naxçıvanla quru əlaqəsini itirdi. Naxçıvanla Azərbaycanın qərb bölgələri arasında birbaşa quru əlaqəsinin olmaması Bakı rəhbərliyi üçün həmişə çətinliklər yaradırdı. 2020-ci ildə Ermənistanın 44 günlük müharibədə məğlubiyyəti ilə imzalanan atəşkəsin 9-cu maddəsi regionda yaradılacaq nəqliyyat dəhlizlərindən bəhs edir./milli.az