Azərbaycan Ordusu əlverişli yüksəklikləri götürdü – Erməni nəşri
Azərbaycan Ordusunun yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar sözügedən rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələri nəzarətə götürməsi Ermənistanda əsas müzakirə obyektidir.
Ermənistanın “Hraparak” qəzeti Ordumuzun əlverişli yüksəkliklərə nəzarətində birbaşa Paşinyanı ittiham edir:
“Zəngəzurda Azərbaycan Ordusu bir neçə kilometr irəliləyərək, Dağ icmasının aşağı hissəsində əlverişli mövqelər tutublar. Məsələ burasındadır ki, İrəvan və Bakı razılaşıb ki, Ermənistanı Qarabağla birləşdirən alternativ yol bu il aprelin 1-dən işə salınsın və Qarabağdan Ermənistana gedən yol əvvəllər Dağ kəndindən keçsə də, indi yalnız Gorunzurdan (Kornidzordan) keçsin. Bu isə o deməkdir ki, dəhliz və 5 kilometrlik bufer zonası da Dağ kəndindən Gorunzura köçürülməlidir. Azərbaycan faktiki olaraq 2 gün əvvəl bu sektorda öz qoşunlarının yerləşdirilməsinə və mühəndislik işlərinə başlayıb”.
Qəzet iddia edir ki, Ermənistanı Qarabağla birləşdirən marşrutun dəyişdirilməsinin vaxtını bilən Paşinyan Azərbaycan qüvvələrinin gəlməməsi üçün ordunu və ölkənin Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarını bu əraziyə vaxtında yerləşdirməkdən yayınıb:
“Əvəzində İrəvan hakimiyyətinin hərəkətsizliyi nəticəsində Azərbaycan əlverişli yüksəkliklər əldə edib. Və indi Ermənistan ərazisi hesabına neytral mövqelərarası məkan formalaşacaq”.
Qeyd edək ki, ötən gün Ermənistan qüvvələri də yeni mövqelərdə məskunlaşaraq Azərbaycan mövqeləri ilə paralel mühəndislik işlərinə başlayıb. Hazırda mövqelər bir-birindən 10-15 metr aralıda yerləşir./axar.az