Si Rusiyaya getdi, Kiyevin cavabı diqqət çəkdi
Çin lideri Si Szinpinin martın 20-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü 4,5 saat uzanıb. Bu, iki ölkə arasında strateji tərəfdaşlığın xüsusiyyətindən irəli gəlir.
Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Onun sözlərinə görə, Kreml sahibinin Çinə ehtiyacı var. Təsadüfi deyil ki, Putin görüş zamanı Çin barədə xeyli tərif söyləyib:
“Çinin sıçrayışla inkişaf etdiyini və bir çox ölkəni geridə qoyduğunu vurğulayan Putin bu ölkənin özünəməxsus siyasi kursuyla bazar iqtisadiyyatının vəhdətinin faydalı nəticələr gətirdiyini bildirib. Vladimir Putin Szinpinin Rusiyaya bir neçə dəfə təxirə salınan səfərinə o qədər əhəmiyyət verib ki, o çinli dostunun Moskvaya gəlişindən əvvəl Çinin məşhur “Jenmin jibao” qəzetində məqalə yayımlayıb. Putin həmin məqaləsində çoxqütblü dünyanın yaradılması vacibliyindən və bu məsələdə Çinin əhəmiyyətli rolundan danışıb. Məqalədə Rusiya və Çin liderlərinin son illərdə 40 dəfəyə yaxın görüşdükləri və iki ölkə arasında münasibətlərin strateji əhəmiyyət kəsb etdiyi bildirilib. 2022-ci ildə iki ölkə arasında ticarət mübadiləsinin həcmi 185 milyard dollara yüksəlib. 2024-cü il üçün 200 milyard dollar hədəf göstərilib. Digər hədəf ticarət mübadiləsində dollar deyil, milli pul vahidlərində istifadəyə keçidi təmin etməkdir. Pekinlə strateji tərəfdaşlıq Kreml üçün həm də ona görə vacibdir ki, Rusiya sanksiyalara görə Avropa ölkələrinə sata bilmədiyi neftin və qazın böyük həcmini Çinə satmağa çalışır”.
Ekspertin fikrincə, Çin lideri də Putindən geri qalmayaraq, Rusiyanın ünvanına təriflər yağdırıb. Szinpin Rusiya və Çini mehriban qonşular və etibarlı tərəfdaşlar adlandıraraq Pekinlə Moskvanın beynəlxalq hüquqa söykənərək dünya nizamının formalaşmasına çalışdıqlarını deyib:
“Gözlənildiyi kimi, Szinpinlə Vladimir Putin arasında əsas müzakirə mövzusu Ukrayna olub. Çin Rusiyanın strateji tərəfdaşı olsa da, Ukrayna müharibəsinin dayandırılmasında maraqlıdır. Çünki bu müharibə siyasi və iqtisadi zəmində Çinə əlavə problemlər yaradıb. Birincisi, Qərb ölkələrinin Çinlə münasibətlərində gərginlik hökm sürür. Qərb ölkələri Çinin Rusiyaya hərbi texnika satacağından ehtiyatlanırlar. Bu, Kremlin maraqlarına cavab verir. Rusiya Çindən hərbi texnika almaqla Pekinin Qərblə münasibətlərinin daha da gərginləşməsində maraqlıdır. İkincisi, Ukraynadakı müharibə Çin məhsullarının dünya bazarlarına nəqlində əngəllər yaradıb. Avropa ölkələrinin Moskvaya qarşı sanksiyaları mövcud olduğundan Çin istehsal etdiyi məhsullarının ixracatında Rusiyanın nəqliyyat imkanlarından istifadə edə bilmir. Bu səbəblərdən Pekin sülh istəyir. Ancaq Pekinin istədiyi “sülh” işğala son qoymağı – Rusiya ordusunun Ukrayna ərazisini tərk etməyi nəzərdə tutmayıb. Pekin Ukraynada Rusiyanın “maraqları” nəzərə alınaraq “sülh” istəyir. Bu isə Rusiyanın Ukraynanın şərqinin işğalını rəsmiləşdirmək anlamı daşıyır”.
E.Şahinoğlunun fikrincə, Szinpin sülh istəyirsə, Putindən sonra Ukrayna prezidenti Vladimir Zelenski ilə də görüşməlidir:
“Çünki bu görüş olmayacaqsa, Pekinin Rusiyanın maraqları çərçivəsində “vasitəçi” olduğu təsdiq ediləcək. Putinin əlini sıxan və iki gün Moskvada qalan Szinpin Kiyevə getməyib Zelenski ilə onlayn vasitəsilə müzakirə aparmağa üstünlük verəcəksə, balansı bir daha pozacaq. Bu səbəbdən Pekinin vasitəçiliyi Qərb ölkələrində suallar doğurub. Kiyevin özü də Çin liderinin Moskvaya səfərini diqqətlə izləyib. Kiyev Pekinin sonrakı addımlarını analiz edir.
Bu arada, Kiyev meri Vitali Kliçkonun Tayvanın xarici işlər naziri ilə təmaslarına dair xəbərlər yayılıb. Pekin Tayvanla təmas saxlayanları sərt tənqid edir. Bununla Pekinə mesaj göndərilib ki, Çin Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsə, öz növbəsində Kiyev Tayvanla təmasları genişləndirə bilər. Əslində ərazi bütövlüyü prinsipi Çin üçün əsas olmalıdır. Çünki Çindən də ayrılmaq istəyən ərazilər var. Pekin yerli separatçılara qarşı sərt tədbirlər görür. Ancaq Rusiyaya gəldikdə Pekin Ukraynanın ərazi bütövlüyünü deyil, dostunun və tərəfdaşının separatçı maraqlarını əsas götürür”.