Lukaşenko niyə İrana getdi? – Xüsusi tapşırıq
Belarus Prezidenti Aleksandr Lukaşenko İrana rusiyalı həmkarı Vladimir Putinin tapşırığı ilə gedib.
Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitik təhlilində deyilir.
Lukaşenko martın 13-də ikitərəfli əməkdaşlığı genişləndirmək və sanksiyaların yumşaldılmasını dəstəkləmək məqsədilə İran rəsmiləri ilə görüşmək üçün Tehrana gedib.
Səfər zamanı Lukaşenko İranda rejim başçıları Əli Xameneyi və İbrahim Rəisi ilə görüşüb. İran dövlət mediasının məlumatına görə, tərəflər ticarət, nəqliyyat, kənd təsərrüfatı texnologiyaları da daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığa dair 8 saziş imzalayıblar.
Molla rejimi bildirib ki, Belarusla əməkdaşlığı hər iki ölkə üçün sanksiyalara qarşı mübarizə vasitəsi ola bilər.
ISW-nin fikrincə, Lukaşenkonun səfəri Kremlin beynəlxalq sanksiyalar qarşısında Tehrana davamlı dəstəyi təmin etmək üçün göstərdiyi səylərinin bir hissəsidir. Məsələn, İranla Rusiya arasında SU-35 qırıcılarının alınmasına dair müqavilənin bağlanması yönündə işin aparıldığına diqqət çəkilir.
“Çox güman ki, Kreml Tehranla əməkdaşlığı dərinləşdirmək üçün Lukaşenkonun təsirindən istifadə etməyə davam edəcək”, – ISW bildirir.