Tbilisi küçələrində iğtişaşlar, gözyaşardıcı qaz, xaos… – Ölkə növbəti inqilaba sürüklənir?

 

Qonşu Gürcüstan parlamentində qəbul edilən qanun layihəsi ölkədə gərginliyə, etiraz aksiyalarına səbəb olub. Gərginlik o həddə çatıb ki, insanlar Tbilisi küçələrində iğtişaşlar törədib, polis də əvəzində gözyaşardıcı qazdan, rezin dəyənəklərdən istifadə etməyə məcbur olub.  Etirazlara səbəb isə “xarici agent” haqqında qalmaqallı qanunun birinci oxunuşda qəbuludur. “Rədd olsun Rusiya qanunu” deyən etirazçılar sona kimi mübarizə aparmaq niyyətindədirlər. 

Yerli media yazır ki, layihənin tənqidçiləri bildirirlər ki, bu qanun ölkədə insan haqları və azadlıqlarını əsaslı şəkildə əngəlləyə bilər. Maraqlıdır ki, eks-prezident Mixail Saakaşvilinin həbsinə sərt reaksiya verməyən Birləşmiş Ştatlar birdən-birə qanunun qəbulunu “Gürcüstan demokratiyasının qara günü” adlandırıb.

Prezident də etirazçıları dəstəklədi

Gürcüstan prezidenti Salome Zurabişvili etirazçıları dəstəkləyib: “Mən Rustavelidə dayananlara müraciət edirəm. Hazırda Nyu-Yorkdayam və arxamdakı Azadlıq heykəlidir. Gürcüstan bu simvol uğrunda hər zaman mübarizə aparıb, siz də məhz bu məqsədlə toplanmısınız. Mən sizin tərəfinizdəyəm. Bu gün siz azad Gürcüstanı təmsil edirsiniz. Öz gələcəyini Avropada görən Gürcüstan heç kimə bu gələcəyi oğurlamağa icazə verməyəcək. Heç kimin tələ qurmağa haqqı yoxdur. Bu gələcək bizim gələcək nəsillərimizə aiddir. Moskvanın diktə etdiyi bu qanuna heç kimin ehtiyacı yoxdur”.

ABŞ səfirliyinin sərt bəyanatı

ABŞ-ın Tbilisidəki səfirliyi yaydığı bəyanatda qanunun qəbulunu “Gürcüstan demokratiyasının qara günü” adlandırıb: “Parlamentin Kremldən ilhamlanan belə qanunları qəbul etməsi Gürcüstan xalqının Avropaya inteqrasiyası və demokratik inkişaf arzuları ilə ziddiyyət təşkil edir”. Bəyanatda daha sonra deyilir: “Bu qanunların qəbulu Gürcüstanın strateji partnyorları ilə münasibətlərinə ziyan vuracaq və çox sayda Gürcüstan təşkilatlarının soydaşlar üçün gördüyü işə xələl gətirəcək. Bütün bu proses və qanun layihəsi hakim partiyanın Avroatlantika inteqrasiyası öhdəliyinə sadiq olması barədə real suallar doğurur”.

Gürcüstanın hakim “Gürcü arzusu” partiyası tərəfindən dəstəklənən bu qanun maliyyələşməsinin 20 faizini xaricdən alan təşkilatlardan hesabat verilməsini tələb edir. Qanun onu pozanlara qarşı ağır cərimələr nəzərdə tutur.

Aİ də rəsmi Tbilisini tənqid edir

“Qanunun qəbulu Gürcüstan və onun xalqı üçün pis hadisədir və Tbilisinin Avropa İttifaqına daxil olmaq istəklərinə ziddir”. Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin bəyanatında deyilir. “Gürcüstan parlamenti çərşənbə axşamı birinci oxunuşda xarici təsirin şəffaflığı haqqında yeni qanunu qəbul edib. Bu, Gürcüstan və onun xalqı üçün çox pis inkişafdır. Qanun Aİ-nin dəyərlərinə və standartlarına uyğun gəlmir”. Bu, Gürcüstanın bəyan etdiyi Avropa İttifaqına daxil olmaq məqsədilə ziddiyyət təşkil edir”. Borrell həmçinin “Gürcüstan vətəndaşlarının dinc etiraz etmək hüququna hörmət etməyə” çağırıb.

“Rusiya qanunu”

Tənqidçilər bildirirlər ki, sözügedən qanun Rusiyanın “xarici agent” qanununa çox bənzəyir. Rusiya qanunu bir çox müstəqil jurnalistlərin və demokratik təsisatların fəaliyyətini məhdudlaşdırıb. Rusiya təsiri Gürcüstanda həssas mövzudur. Rusiya 2008-ci ildə separatçı Abxaziya və Cənubi Osetiya bölgələri üzərində nəzarətini bərpa etmək istəyən Gürcüstanın ərazisinə hərbi müdaxilə edib. Qısa, amma qanlı müharibənin ardınca Rusiya Gürcüstandan qopmuş separatçı bölgələrin müstəqilliyini tanıyıb, amma orada özünün minlərlə əsgərini yerləşdirməklə bu əraziləri faktiki olaraq ilhaq edib.

Qanun layihəsinin Venesiya Komissiyasına göndəriləcəyi bildirilib. Bu qurum layihə barədə tövsiyələrini versə də, onun qanunu dəyişmək və ya ləğv etmək səlahiyyəti yoxdur. Hərçənd parlamentin spikeri Şalva Papuaşvili cəmiyyəti sakitləşdirmək üçün vəd edib ki, Venesiya Komissiyasının tövsiyələri 2-ci və 3-cü oxunuşlarda nəzərə alınacaq. Səsvermədən əvvəl Human Rights Watch və Amnesty International insan haqları təşkilatları Gürcüstan parlamentini qanunun qəbulundan imtina etməyə çağırmışdılar./milli.az

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password