Lavrovun Laçın yolu iddiası… – Yenə ermənilərin dediyini deyir

 

Azərbaycana heç xoş gəlməyən Rusiya XİN başçısı Sergey Lavrovun səfəri onun bir neçə bəyanatı ilə yadda qalacaq ki, bunlardan da biri Azərbaycanın Laçın yolunda, öz suveren sərhədlərində nəzarət buraxılış məntəqəsi qoymaq hüququ ilə bağlıdır.

Belə ki, Ukraynaya qarşı işğalçılıq müharibəsi ilə nə beynəlxalq hüququ, nə ölkələrin ərazi bütövlüyünü tanımadığını, nə də beynəlxalq sənədlərdəki imzasının bir qara qəpiklik dəyərinin olmadığını növbəti dəfə isbat etmiş Rusiya kimi bir ölkənin XİN başçısı Azərbaycanın öz suveren hüququndan istifadəsinin mümkünsüzlüyünü bəyan edib və yenə ermənilərin dediyini deyib: “Laçın dəhlizinin rejimi və onun funksiyası ən birinci üçtərəfli bəyanata – 9-10 noyabr 2020-ci il bəyanatına tam uyğun olmalıdır… Orada hansısa nəzarət-buraxılış məntəqələrinin yaradılmasına baxılmır”.

Bu, “buraların ağası bizik” iddiası deyil də, nədir? Özü heç bir beynəlxalq sənədə məhəl qoymayan bir ölkənin “baş diplomatı” hansı üzlə, abırla Azərbaycanı nə Ermənistanın, nə də Rusiyanın sonadək əməl etmədiyi “üçtərəfli sazişə” əməl etməyə çağırır?

Azərbaycan öz sərhədində nədən nəzarət-buraxılış məntəqəsi qura bilməməlidir – Rusiya və Ermənistan, bir də Qarabağdakı separatçı tör-töküntüsü bunu istəmirmi deyə?

Heç bir üçtərəfli, beştərəfli, ontərəfli razılaşma, özü də parlament tərəfindən təsdiqlənməyən razılaşma bir ölkənin, indiki halda Azərbaycanın Konstitusiyasından üstün ola bilməz və olmamalıdır. Konstitusiyamız, qanunlarımız bütün ölkələrdə olduğu kimi, bizdə də sərhədlərimizdən, yollarımızdan xarici ölkənin, onun vətəndaşlarının nəzarətsiz keçidini və istifadəsini qadağan edir.

Ermənistan Lavrovun istinad etdiyi “üçtərəfli bəyanat”ın Naxçıvana yol açılmasına dair hissəsini açıq-aşkar rədd edir və bunu Zəngəzur dəhlizinin Ermənistan Konstitusiyasına zidd olması ilə əsaslandırır. Laçin yoluna gəlincə, barmağını 10 noyabr sazişinə tuşlayır və Lavrovun dediyini təkrarlayır – “heç bir nəzarət buraxılış məntəqəsi ola bilməz”, – deyir.

Hansı ki, Laçın yolu nə Lavrovun, nə Paşinyanın, nə Vardanyanın dədəsinin torpağı, yolu deyil, Azərbaycanın suveren ərazisidir və bu yolda, sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüququ, haqqıdır! Necə olur ki, Zəngəzur dəhlizi məsələsi, razılaşmaya rəğmən, Ermənistan konstitusiyasına zidd sayıldığı üçün icra olunmur, Laçın yolu isə Azərbaycan Konstitusiyasına zidd olaraq “karvansara qapısına” döndərilir və Lavrov da “basa-basa” yol gəlib, bizə bunu növbəti dəfə qəbul etdirməyə çalışır?

44 günlük müharibədəki qanlı-qadalı, uğrunda qurbanlar verdiyimiz qələbəmizə rəğmən, öz “sülh planında” Qarabağın taleyini “gələcək nəsillərə saxlamağı” təklif edən və “şeytan barmağını” bu torpaqlardan çəkməyən, özü iliyinə qədər işğalçı olan bir şər imperiyasının nə “sülh planı”, nə “sülhməramlısı”, nə vasitəçiliyi, nə də hansısa istənilən əməli, təklifi Azərbaycanın xeyrinə ola bilməz!

Lavrovlar və onu buralara göndərənlər gəldi-gedərdir, ömürlərinə az qalıb, Azərbaycan öz haqqını, öz torpağını, öz sərhədini, öz yolunu bu böyük işğalçıdan və onun Ermənistan adlı kiçik “kopiyası”ndan sökə-sökə alacaq!

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 18-də Münxendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə birgə görüşdə Ermənistan-Azərbaycan sərhədində ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklif edib. /azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password