İlyas Həsənov Sumqayıtı “yaşıllaşdırdığı” saxta MMC ilə daha bir müqavilə bağladı
Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi yaşıllıqların salınması işlərinin satın alınması üzrə keçirmiş olduğu daha bir açıq tenderə yekun vurub. Yaşıllaşdırma İdarəsi bu dəfə də “VAHİD” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edib və 289 218 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırdığını 20.02.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlayıb.
Qeyd edək ki, eyni xidmətlərin görülməsi üçün Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi sözügedən MMC ilə ötən il də bir neçə satınalma müqaviləsi bağlamışdır. Burada müəmmalı olan nədir? Əvvəlcə ötən il bağlanmış satınalma müqavilələrinə nəzər salaq.
Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi yaşıllıqların salınması işlərinin satın alınması üzrə keçirmiş olduğu tenderə yekun vuraraq “VAHİD” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 284 793 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığını 18.11.2022-ci il tarixdə elan edib.
Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi “VAHİD” MMC ilə yaşıllıqların salınması işlərinin satın alınması üzrə daha bir satınalma müqaviləsini isə 22 gün əvvəl, yəni 27.10.2022-ci il tarixdə bağladığını açıqlayıb. Bu müqavilənin qiyməti isə 296 475 manat təşkil edib.
Göründüyü kimi Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi son 4 ay ərzində “VAHİD” MMC ilə 870 486 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Tenderin şərtlər toplusunda minlərlə gül və bəzək kollarının alınması nəzərdə tututlur. Amma bu bitkilərin Sumqayıtda, konkret olaraq hansı ərazidə, parkda, bağda, küçədə əkiləcəyi göstərilmir. Yaşıllaşdırma İdarəsinin 2020-2021-ci illərdə də bu məqsədlərlə milyonlarla manat dövlət vəsaitinin xərclədiyini nəzərə alsaq, hazırda Sumqayıtın gül-çiçəklərlə bəzənmiş olduğunu görərdik. Amma bu belədirmi? Şəhərin yeni salınan bəzi parklarına əkilmiş, qurumuş gül kollarından başqa heç nə görmək mümkün deyil. Görsənən odur ki, buraya ayrılmış vəsaitlərin böyük hissəsi rəsmilər tərəfindən mənimsənilir. Güllərin isə bitmədiyi, quruyaraq məhv olması kimi rəsmiləşdirilir.
Digər maraqlı məqam isə MMC-nin fəaliyyət sferası ilə bağlıdır. Hansı ki, Aktualinfo.org bir neçə ay öncə bu barədə məlumat yaymışdı. Yenə də bəzi qaranlıq məqamları bir daha xatırlatmaq istərdik.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “VAHİD” Məhdud Məsuliyyətli Cəmiyyətinin 27.01.2003-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının SAATLI RAYONU, ƏHMƏDBƏYLİ, ƏHMƏDBƏYLİ, qanuni təmsilçisi kimi isə Həsənova Həqiqət Həsən qızı qeyd olunub.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının seçicilərin 2020-ci ilə olan siyahısında Saatlı rayonunun Əhmədbəyli kəndində Həsənova Həqiqət Həsən qızı adında seçici yoxdu. Seçici siyahısında yoxdursa deməli bu şəxs sözügedən kənddə pasport qeydiyyatında deyil. Pasport qeydiyyatında deyilsə, deməli hər hansı bir seçkidə səs verə bilməz. Bəs Sumqayıtın Yaşıllaşdırma İdarəsi Azərbaycanda səs vermək hüququ olmayan, yəni dövlət hakimiyyətinə səs verməyən bir şəxslə belə yüksək məbləğli bir satınalma müqaviləsini hansı əsaslarla bağlayıb, dövlət sifarişi verib?
Saatlı rayon İcra Hakimiyyəti başçısının Əhmədbəyli kəndi üzrə İcra Nümayəndəliyindən aldığımız məlumata görə orada Həsənova Həqiqət Həsən qızı adlı şəxs ümumiyyətlə olmayıb. Bu məlumatın özü MMC-nin saxta sənədlərlə yaradıldığını sübut etmirmi? Saxta sənədlərlə yaradılmış bir MMC-nin satınalmalarda iştirakı da elə tenderin də saxtalaşdırılması demək deyilmi?
Bütün bu saxta əməllərin qanun çərçivəsində araşdırılması üçün Sumqayıt şəhər prokurluğuna etdiyimiz müraciətin də nəticəsi olmadı. Görsənən odur ki, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsinin rəisi İlyas Həsənov bildiyini edir. Çünki, o, uzun illər Azərbaycanda Baş nazirin birinci müavini işləmiş, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini sədri olmuş Əli Həsənovun qardaşıdı. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun da ən yaxın adamlarından biridir.
Aktualinfo.org