İrəvanın yeni oyunu: Şuşa buna görə atəşə tutuldu

 

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirir ki, Azərbaycan Münhendə keçirilən üçtərəfli görüşdə Bakı-Xankəndi arasında müzakirə aparmağa hazır olduğunu təsdiqləyib və buna sadiq qalacağına ümid edirik.

Bakı Qarabağdakı erməni əhalisinin nümayəndələri ilə təmasların qurulmasında maraqlıdır və bunu Münhen görüşündən sonra Əliyev də elan etdi. Mirzoyanın “Bakı-Xankəndi formatı” dedikdə nəzərdə tutduğu isə separatçıların tərəf kimi qəbul edilməsidir və Azərbaycanın buna razılaşdığı iddiası, yumşaq desək, doğru deyil.

Erməni əhalisi ilə təmasların qurulması, onların “hüquq və təhlükəsizliyinin” təmin edilməsi üzrə beynəlxalq mexanizmlərin yaradılması təklifi Vaşinqtona məxsusdur. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində edilən bu təklif Bakı tərəfindən məqbul qarşılanır. Lakin burada əsas problem zamandır, çünki:

– prosesin indi başlanması qeyri-formal təmaslarda separatçıların erməni əhalisinin “nümayəndələri” kimi masaya əyləşməsi deməkdir;

– indiki halda erməni əhalisi arasında separatçılara alternativ olacaq nümayəndələrin çıxacağı ehtimalı azdır.

Bakı bunu qəbul etmir, Rusiya tərəfindən Ruben Vardanyanın oyuna daxil edilməsi də onun “nümayəndə” kimi qəbul edilməsi və Vaşinqtonun təşəbbüsünə nəzarəti ələ almaq gedişi idi. Son proseslər Rubenin oyundankənar vəziyyətə düşdüyünü göstərir. Hərçənd, Rubenin Araiklə əvəzlənməsi ssenarisi, ümumiyyətlə separatçı-terrorçu rejimin mövcud olduğu müddətdə erməni əhalisi ilə təmaslar üzrə beynəlxalq mexanizmin yaradılması maraqlarımıza uyğun deyil: Qarabağda separatçı rejimin əhali üzərində nəzarəti zəiflədilməli, erməni arasında vətəndaşlığı qəbul etməyə razı olan təmsilçilər tapılmalıdır.

Bu baxımdan, Azərbaycanın Münhen görüşündə erməni əhali ilə təmasların qurulmasına hazır olduğunu deməsi “Bakı-Xankəndi” formatına razı olması demək deyil.

Mirzoyanın iddiası Ermənistanın oyununa diqqət çəkir: İrəvan prosesin indi başlanmasını, separatçı rejimin beynəlxalq müstəvidə təmsilçi kimi qəbul edilməsini istəyir; məhz buna görə, razılaşmanı “Bakı-Xankəndi” formatında təqdim edirlər.

Bu situasiya Qarabağda mümkün eskalasiya ehtimalını da önə çıxarır. Və gözləniləndir ki, separatçı-terrorçu rejim erməni əhalisinin “hüquq və təhlükəsizliyi” üzrə beynəlxalq mexanizmin indi yaradılmasının vacibliyini nümayiş etdirmək və təmaslarda “rəsmi təmsilçi” kimi qəbul olunmaq məqsədilə təxribat hücumlara başlaya, vəziyyəti gərginləşdirə bilərlər. Şuşanın atəşə tutulması bunun başlanğıcıdır./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password