Bakı Limanının yük dövriyyəsinin həcmi açıqlanıb

 

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının 2022-ci il ərzində yük dövriyyəsi 13,6 % artaraq 6 milyon 314 min ton təşkil edib.

Bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Strateji planlaşdırma və inkişaf departamentinin müdiri Xudayar Həsənli bildirib.

Onun sözlərinə görə, ötən il Bakı Limanından aşırılmış yüklərin 53 %-i Türkmənistan limanları hesabına olub və ümumi həcmi 3 milyon 359 min ton təşkil edib: “Qazaxıstan limanları ilə isə dövriyyəmiz 2 milyon 382 min 956 ton olub, bu isə ümumi dövriyyənin 38 %-ini təşkil edib. Digər limanlarla yük dövriyyəsi 571 min ton təşkil edib”.

X. Həsənli deyib ki, Bakı Limanın aşırdığı yüklərin 90 %-i tranzit yüklərdir: “Biz yükləri Bakı Limanı olaraq nəzərdən keçirmirik, Orta Dəhlizin tərkib hissəsi olaraq nəzərdən keçiririk. Yəni, bütün bu təchizat zəncirinin halqaları və potensiallar bir birinə uyğunlaşdırılmalıdır. Bu təkcə Azərbaycanda deyil, qonşu ölkələrdə də bu potensiallar bir-birinə uyğunlaşdırılmalıdır ki, Orta Dəhlizin imkanları genişlənsin”.

Xatırladaq ki, 14 may 2018-ci il tarixindən Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş yeni Bakı Limanının 1-ci fazada yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 000 TEU konteyner təşkil edir.

Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat qovşaqlarının kəsişməsində yerləşən, yüksək texniki imkanlara malik, əməliyyatlar sahəsində nümunəvi rəqəmsal və yaşıl həllər tətbiq olunduğu Bakı Limanının yükaşırma həcmi hər il artır.

Eyni zamanda dünyada formalaşan yeni reallıqlar fonunda tranzit ölkə kimi Azərbaycana böyük tələb formalaşıb və bu amil də ölkəmizin ən böyük dəniz qapısı, logistika mərkəzi olan Bakı Limanına cəlb edilən yükün həcmi sürətlə artır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password