Bakıya gələn ZƏNG: Zelenski Əliyevdən nə istəyib? – NƏ BAŞ VERİR?
Fevralın 15-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən bildirilib. Telefon danışığı əsnasında Ukrayna Prezidenti ölkəsinin ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə və göstərilən humanitar yardımlara görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Söhbət zamanı dövlət başçıları beynəlxalq platformalarda əməkdaşlıq məsələsini də müzakirə ediblər.
Postsovet məkanında Ukraynaya ən çox humanitar dəstəyin Azərbaycan tərəfindən verildiyini deyən politoloq Əhəd Məmmədli bildirib ki, bu zənglə Zelenski bir növ yardıma görə təşəkkürlərini çatdırır:
“Düzdür, bütün Ukraynada Azərbaycanın bu yaxşılığının qədri bilinmir. Biz Ukrayna media məkanına baxsaq görərik ki, orada anti-Azərbaycan, anti-Türkiyə ritorikası güclənir. Hətta xaricdən gələn erməni politoloqlar ağızlarını gələni danışır, ukraynalı rujnalistlər isə qulaq asır.
Zelenskinin minnətdarlıq zəngi bütün Ukrayna cəmiyyəti üçün görk olacaq. Digər tərəfdən ola bilsin ki, Ukrayna prezidenti Azərbaycan rəhbərindən dəstəyin davamını istəyir. Çünki bu ölkədə vəziyyət çətindir və yardıma ehtiyacları var. Burada söhbət hərbi yardımdan getmir. Azərbaycanın humanitar yardımları da Ukraynaya hava-su kimi lazımdır”.
Analitikin sözlərinə görə, Rusiya ilə bərabər, Ukraynanın da əks-hücuma hazırlaşdığı barəsində məlumatlar var:
“ABŞ-ın öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırması da bunu sübut edir. Ümumiyyətlə Amerikanın vətəndaşlarını tərk etməyə çağırdığı ölkələrdə nə isə baş verir. Məsələn rəsmi Vaşinqtonun Türkiyədəki konsulluqlarını tərk etməyə çağırdıqdan sonra zəlzələ oldu. Ona görə də Rusiya ərazisində nə isə baş vermə ehtimalı var. Ümumiyyətlə, ruslar artıq hücumlara başlayıb. Donbasda şiddətli döyüşlər gedir və heç bir tərəfin ciddi uğurları yoxdur”./sherq.az