İran üçün təhlükəli seçim: Ən yaxın müttəfiqinin tələsinə düşdü
İran Prezidenti İbrahim Rəisi Çinə səfər edərək bu ölkənin lideri Si Cinpinlə görüşüb. Səfər zamanı iki ölkə arasında 20 əməkdaşlıq sazişi imzalanıb. Sazişlər müxtəlif sahələri əhatə edir. Bu sıraya böhranların idarə olunması, turizm, rabitə və informasiya texnologiyalarından tutmuş kənd təsərrüfatı, səhiyyə, media, idman və mədəni irsin qorunması kimi sahələr aiddir. Yəni elə bir sahə qalmayıb ki, onunla bağlı əməkdaşlıq barədə razılıq olmasın.
Bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilir.
Mərkəzin ekspertlərinin fikrincə, Tehran Pekinlə əməkdaşlığa xüsusi önəm verir:
“İbrahim Rəisinin Çinə səfəri İrandan liderlər səviyyəsində son 20 ildə bu ölkəyə ilk rəsmi səfəridir. Qərbin sanksiyaları İranı Çinlə iqtisadi əməkdaşlığı genişləndirməyə sövq edir. 2022-ci ildə İrandan Çinə ixracın həcmi 58 faiz artaraq 14 milyard dolları keçib. Çin İran mallarının birinci idxalçısıdır. İrana ixracda isə Çin ikinci yerdə qərar tutub.
Beləliklə, İranın Çindən asılılığı artıb. İran Çinə neftini ucuz qiymətə satır. Çünki İranın başqa bazarlara çıxışı məhduddur. Pekin də bundan istifadə edərək İran neftini ucuz qiymətə alır. Pekin sanksiya altında olan Rusiyadan da ucuz qaz tədarük edir. Çünki İran kimi Rusiya da öz qazını sanksiyalar ucbatından başqa ölkələrə sata bilmir.
İranla Çin arasında ən böyük saziş 2021-ci ildə imzalanıb. Bu sazişə görə, Çin 25 il müddətində İrana 400 milyard dollar sərmayə qoyacaq. Ancaq Pekin bu vədi yerinə yetirməyə də bilər. Bu, İran ətrafında cərəyan edəcək hadisələrdən asılıdır. Məsələn, İsraillə İran arasında savaş başlasa, Pekin planlarını dəyişmək məcburiyyətində qalacaq”.
Təhlildə o da vurğulanır ki, İranın uranı zənginləşdirməsi fəaliyyətləri Qərblə yanaşı, Çində də suallara doğurur:
“Çinin də bəzi addımları Tehranda suallar yaradır. Məsələn, Si Cinpin keçən aylarda İranın bölgədəki rəqibi Səudiyyə Ərəbistanına səfər etmişdi. Çin lideri yalnız Səudiyyə kralı ilə deyil, bu ölkədə bir neçə ərəb ölkəsinin liderləri ilə də görüşmüşdü. Cinpinin ərəb ölkələrinə ayrıca səfərlərində vaxt itirməməsi üçün Səudiyyə Ərəbistanının paytaxtında Çin-Ərəb sammiti keçirildi. Ərəb ölkələri Çinlə əməkdaşlığı genişləndirməyə çalışır. Pekin də bunda maraqlıdır.
Tehran Çin-ərəb dövlətləri əməkdaşlığının hansı həddə qədər inkişaf edəcəyindən narahatdır. Buna görə də Pekinin Tehrana əməkdaşlıqla bağlı verdiyi vədlərə və imzalanan memorandumlara baxmayaraq, Çin-İran münasibətlərində gedişat fərqli ola bilər. Tehranın özündə də Çinlə ittifaqın İran üçün təhlükəli ola biləcəyini söyləyənlər var”.