Sülh müqaviləsinin mətni: “Fasiləsiz iş gedir, Bakı və İrəvan…”
“Azərbaycan və Ermənistan hazırda üzərində iş gedən sülh müqaviləsi ilə bir-birinin suverenliyini, ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıyacaq”.
Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Mənbə rəsmi Bakı ilə İrəvan arasında sülh müqaviləsinin yekun mətninin müəyyən edilməsi üzrə fasiləsiz iş getdiyini iddia edir:
“Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin sədri Sərkis Xəndanyan bildirib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsinin mətni üzərində iş gedir, bu yaxınlarda Azərbaycan tərəfinin təkliflərini alıblar və hazırda bu təkliflər üzərində işləyirlər. Əldə olan rəsmi məlumata görə, İrəvan və Bakı sülh müqaviləsinin mətni ilə bağlı təkliflər mübadiləsi aparıb.
Mətn hazır olduqdan sonra Azərbaycana göndəriləcək. Beləliklə, İrəvanla Bakı arasında sülh müqaviləsinin hazırlanması prosesinin davam etdiyi şübhəsizdir. O da bəllidir ki, bu, İrəvan və Bakıdan başqa, regionla əlaqələri olan oyunçuların hamısının maraqlı olduğu bir prosesdir. Bəlkə də buna görə proses fasiləsiz davam edir.
Gələcək sülh müqaviləsinə gəlincə, aydındır ki, Azərbaycan və Ermənistan bir-birinin suverenliyini, ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıyacaq, bir-birlərinə qarşı ərazi iddialarının olmadığını və gələcəkdə də heç bir iddialarının olmayacağını təsdiq edəcəklər, bir-birləri ilə diplomatik əlaqələr quracaqlar, sərhədlərin delimitasiya və demarkasiyasını həyata keçirəcəklər və nəhayət, kommunikasiyaların önündəki blokadanı aradan qaldıracaqlar, birgə proqramlar həyata keçirəcəklər.
Gələcək sülh müqaviləsinin mətnində nəyin təsbit ediləcəyini ən azı bu qədər proqnozlaşdırmaq olar. Bakı hələ ötən ilin martında öz beş şərtini irəli sürüb və İrəvanın bunların əleyhinə olmadığı qənaətinə gəlmək olar”.
Nəşr bildirir ki, bu, son nəticədə Cənubi Qafqazın yeni geosiyasi arxitekturasının tərkib hissəsi olacaq sənəd olacaq.