Prezident İlham Əliyev San-Marinonun yeni səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də San-Marino Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Con Matsanın etimadnaməsini qəbul edib.
Səfir Con Matsa etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı bildirib ki, ölkələr arasında siyasi, iqtisadi, turizm sahələrində əlaqələrin genişləndirilməsi üçün imkanlar mövcuddur və bu xüsusda təmaslar daha da fəallaşdırılıb.
Prezident İlham Əliyev San-Marino rəhbərlərinin 2015-ci ildə Azərbaycana səfərini məmnunluqla xatırladıb, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafına müsbət təsir göstərəcəyinə ümidvarlığını ifadə edib.
Səfir Con Matsa ölkələr arasında əlaqələrin inkişafı üçün böyük imkanların olduğunu vurğulayıb, San-Marinonun Azərbaycanla münasibətləri dərinləşdirməkdə, siyasi, həmçinin mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib. O, bundan sonra mütəmadi əsasda Azərbaycana səfər edəcəyini, aidiyyəti dövlət orqanları ilə görüşlər keçirəcəyini və əlaqələrimizin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
San-Marinonun İtaliya ilə də çox sıx əlaqəsinin olduğunu vurğulayan diplomat bu çərçivədə də ölkələrimiz arasında xüsusilə təhsil və turizm sahələrində əməkdaşlıq üçün imkanların mövcudluğunu diqqətə çatdırıb.
Dövlət başçısı öz növbəsində qeyd edib ki, ölkəmizin həm İtaliya, həm də Vatikan ilə çox yaxşı münasibətləri var. İtaliya-Azərbaycan əlaqələri strateji tərəfdaşlıq müstəvisində inkişaf edir. Prezident İlham Əliyev, həmçinin özünün Vatikana və Roma papalarının Azərbaycana səfərlərini məmnunluqla xatırlayıb. Bu əsnada ölkələrimiz arasında yaxşı əməkdaşlıq imkanlarının olduğunu qeyd edib.
Prezident Azərbaycan ilə San-Marinonun işgüzar dairələri arasında birbaşa əlaqələrin yaradılması, San-Marinonun turizm imkanlarının ölkəmizdə təqdim olunması, habelə təhsil sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.