Yeni İES ölkəmizin enerji potensialını daha da gücləndirəcək – Sahil Kərimli
Azərbaycan nəhəng enerji layihələri ilə dünyanı fəth edir və bu uğur hər birimizi qürurlandırır. Müstəqilliyin ilk illərində ölkəmizdə ciddi enerji böhranı yaransa da, cəmi bir neçə il ərzində Azərbaycan bu sahədə inanılmaz dönüş yaratmağı bacardı. İndi biz nəinki özümüzü, hətta uzaq Avropanı enerji ilə təmin edirik. Şübhəsiz ki, bu nəhəng uğurların müəllifi Azərbaycan Prezidenti İlham Əliyevdir.
Bu fikirləri açıqlamasında siyasi şərhçi Sahil Kərimli bildirib.
Onun sözlərinə görə, dövlətimizin başçımızın elektroenergetika sahəsində reallaşdırdığı yeni layihələr Azərbaycanın iqtisadi-siyasi çəkisini daha da artırır. Azərbaycan öz enerji resurslarını durmadan şaxələndirir, həm özünün, həm də tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Mingəçevirdə təməli qoyulan yeni İstilik Elektrik Stansiyası (İES) sözsüz ki, ölkəmizin enerji potensialını daha da gücləndirəcək. S.Kərimli diqqətə çatdırıb ki, müstəqillik tariximizin ən böyük elektrik stansiyası olan İES bu baxımdan növbəti nəhəng layihədir. Azərbaycan uzun illərdir ki, Avropanın etibarlı enerji təminatçısıdır. Avropa İttifaqına üzv olan ölkələrin gələcəkdə də dayanıqlı və keyfiyyətli enerji ilə təmin olunması əsas hədəflərdəndir. Əlbəttə ki, enerji imkanlarımız genişləndikcə ixrac potensialı da artır və yeni əməkdaşlıq platformaları yaranır. Bu isə həm iqtisadi, həm də siyasi dividendlər deməkdir. Paralel olaraq alternativ enerji mənbələrinin yaradılması, yaşıl enerji sektorunda reallaşdırılan dünya miqyaslı layihələr ölkəmizin gücünə güc qatır.
“Enerji resurslarımız xarici investorları cəlb edir, ölkəmizə sərmayələr yatırılır və iqtisadiyyatımız güclənir. Ümumiyyətlə, son illərin enerji layihələri hazırlanarkən burada ən xırda detallar düşünülür, əlverişli məqamlar nəzərə alınır. Yeni elektrik stansiyalarının iş prosesində təbii qaza əhəmiyyətli dərəcədə qənaət edilir. Azərbaycan dünya bazarlarına qaz ixrac edən ölkə kimi bu sahədə də üstünlüklər qazanır”, – deyə Sahil Kərimli qeyd edib.