Bölgədə hərarət qalxır – Gərginlik qırılma xəttinə yaxınlaşır
ABŞ-ın müxtəlif dairələri Çinlə müharibə ssenarisini real hesab edirlər. Bunun 2025-ci ildə baş verəcəyini ehtimal edənlər var. Amerikalı konqresmenlər arasında da müharibə ehtimalını yüksək hesab edənlər az deyil.
“Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilir.
Mərkəzin ekspertləri bildirirlər ki, respublikaçı konqresmenlər Prezident Co Baydenin Çinlə müharibə aparmaq üçün zəif lider kimi dəyərləndirirlər:
“Onlar düşünürlər ki, Bayden Pekinlə yumşaq davranır. Ağ Ev bu ehtimallara reaksiya vermir. Pekində isə bu cür ehtimalları təxribat kimi qiymətləndirirlər.
Niyə məhz 2025-ci ildə toqquşma ehtimalı irəli sürülür?
2024-cü ildə ABŞ və Tayvanda prezident seçkiləri keçiriləcək. Vaşintonda bəziləri düşünür ki, Çin lideri Si Cinpin yaranan boşluqdan təzyiqi artırmaq üçün istifadə etməyə çalışacaq. ABŞ-da seçki kampaniyası və andiçmə mərasimi zaman alacaq. ABŞ-da yeni prezident işə başlayana qədər Pekin Tayvanla bağlı qəti addımlar atacaq.
Çinli ekspertlər müharibə ssenarilərinə Çində nəşr olunan ingilisdilli “Qlobal Tayms” qəzetindəki yazıları vasitəsilə cavab veriblər. Ekspertlər Vaşinqtondakı siyasi dairələrin iki ölkə arasındakı münasibətləri qəsdən gərginləşdirdiklərini deyirlər. Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mao Nin də Pekinin müharibəyə başlaya biləcəyi haqda Vaşinqtonda səslənən fikirləri qəti şəkildə rədd edib”.
Təhlildə vurğulanır ki, Vaşinqton və Avropa paytaxtlarında Çinin Rusiya ilə yaxınlaşmasından da nahatlıq artıb:
“Tokio da nahatdır. Yaponiya Baş naziri Fumio Kişida NATO baş katibi Yens Stoltenberqlə görüşündə Yaponiya sahilləri yaxınlığında Çin-Rusiya hərbi təlimlərinin artmasından narahatlığını səsləndirib. NATO baş katibi Çinin Asiya bölgəsində artan hərbi fəallığını təhlükə kimi qiymətləndirib.
Fərqli düşünənlər də var. Məsələn, Münhen Təhlükəsizlik Konfransının rəhbəri Kristof Hoysqen Putinin nüvə silahından istifadə edəcəyi halda Kremlin Çinin dəstəyini itirəcəyi qənaətindədir. O hesab edir ki, Çinsiz Putin tək olacaq. Ona görə də Putin nüvə silahından istifadədən çəkinəcək”.