Pensiyalarda artım faizi elan olundu – Rəsmi rəqəm
“Yardımların pensiya məbləğinə əlavə olunmasından sonra indeksasiyanın aparılması artıq reallaşmaqdadır. Dövlət Statistika Komitəsi bu gün 2022-ci ildə orta aylıq əməkhaqqında artım faizini elan edib. Bütün növ əmək pensiyalarında 14.7% artım olacaq. Prezident sərəncam imzaladıqdan sonra pensiyalardakı artım reallaşacaq”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşların pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əməkhaqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur: “Ötən il pensiyası 300 manat olan vətəndaşımız üçün ikinci artım faizi belə hesablanacaq: 316.7 manat X indeksasiya faizi = yeni pensiya məbləği. Yəni, 316.7 manat x 14.7 faiz = 46.55 manat. Bizim nümunədə, 300 manat pensiya alan vətəndaşımızın hər iki artımdan sonra pensiya məbləği belə olacaq: 300 manat + 16.7 manat + 46.55 manat = 363.25 manat. Bu artım hər ay ödəniləcək”.
Vüqar Bayramov deyir ki, 2022-ci ildə orta aylıq əməkhaqqında artımla bağlı rəsmi statistika fevralda bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılır: “Pensiya artımları yanvarın 1-dən hesablanır, amma ikinci artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Bu o deməkdir ki, 300 manat pensiya alan pensiyaçının fevral ayında ödənişi belə olacaq: 300 manat + 16.7 manat + 46.55 manat (yanvar üzrə indeksasiya artımı) + 46.55 manat (fevral üzrə indeksasiya artımı) = 409.8 manat. Deməli, 300 manat pensiya alan vətəndaşımızın pensiya məbləği fevral ayında 409.8 manat, mart ayından etibarən isə 363.25 manat alacaq.
Qanunvericiliyə edilən dəyişikliklərdən sonra bütün vətəndaşların əmək pensiyalarında artım hesablanacaq”.