İrana xəbərdarlıq edildi: “Cəmi bir neçə saata məhv edərik”
İran dünyanı öz donanmasının “güclü” olduğuna inandırmaq üçün qəribə şəkildə donanmasının Yer kürəsini “dövrə” vuracağını iddia edir. “Fars News” İran donanmasının “Amerikanın arxa bağçası”nda olduğunu və ilk dəfə dünyanı gəzəcəyini yazır.
Bu barədə İsrailin “Yerusəlim Post” qəzeti məlumat verib.
İranın öz kiçik donanması ilə dünyanı dolaşmaq istəyi anlaşılan deyil. Öz kiçik gəmiləri ilə evdən bu qədər uzaqlaşmağın heç bir hərbi-siyasi və tarixi önəmi yoxdur.
İndi İran dənizlərdə başqalarını uzaqmənzilli dronları ilə təhdid edir. İranın donanmasının sahilində yerləşdiyi Hind okeanında üzməyə və Aralıq dənizinə qədər getməyə gücü çata bilər, heç bu regionda da real rolu yoxdur. Amma sadəcə üzməyə, nəsə əldə etməyə yox. Çünki ABŞ kimi digər donanmalar nə vaxtsa real qarşıdurma olarsa, İran donanmasını bir neçə saat və ya gün ərzində məhv edə bilər.
Buna baxmayaraq, İran desant əməliyyatlarında iştirakdan danışır, öz hərbi gəmilərinin Rusiya və Çinlə birgə təlimlərə qatılmasını istəyir. İranın dəniz donanmasının Yer kürəsi ətrafında dövrə vurması istəyi də özünü göstərmək üçündür. Söhbət İranın ABŞ yaxınlığındakı sulara gedə biləcəyini göstərməkdən gedir, bu yolda nəyəsə nail olmaqdan yox.
Dəniz donanmalarının dünyanı üzmək nümayişi dövrü çoxdan geridə qalıb. Bir əsrdən çox əvvəl gəmilərin rənginə görə “Böyük Ağ Donanma” adlandırılan ABŞ donanması 1907-1909-cu illər arasında dünya ətrafında üzmüşdü. Bu, ABŞ-ın artan dəniz gücünü təmsil edirdi və donanmasını Yaponiya kimi inkişaf etməkdə olan dövlətlərə göstərmək üçün nəzərdə tutulmuşdu.
İranın Yer kürəsi ətrafında dövrə vuracağı 2022-ci ilin oktyabrında elan edilib. Gəmilərin oktyabrın 28-də yola düşəcəyi deyilmişdi.
Kontr-admiral Şəhram İrani sentyabrın 28-də dənizə çıxan İran Hərbi Dəniz Qüvvələrinin 86-cı flotiliyasının “İran xalqının qüdrətini nümayiş etdirmək” üçün öz missiyası çərçivəsində dünyanı dövrə vurmağı planlaşdırdığını bildirmişdi.
İran donanmasının “Səhənd”, “Dena” və “Cəmaran” gəmilərini səfərə göndərməli idi. Keçən həftə “Təsnim” döyüş gəmilərinin (“Dena” və “Makran”) yaxın bir neçə günə Rio-de-Janeyro limanına (Braziliya) çatacağını iddia edib.
İran bildirib ki, bütün bunlar “sionistlər”ə mesaj vermək üçün nəzərdə tutulub.
İran xəbərlərində gəmilərin Rusiya və Çinə səfər etdiyi də vurğulanır. Eyni zamanda, molla rejimi gəmilərin Böyük Britaniya yaxınlığında üzməyi bacarması və Panama kanalından keçməyi planlaşdırması ilə fəxr edir. Gəmilərin kanaldan nə vaxt keçəcəyi bəlli deyil. İranın Venesuela ilə sıx əlaqələri var, gəmilər oradan Kubaya gedə bilər.
İrana görə, gəmilərinin Amerikanın “arxa bağça”sı sayılan Panama boğazından keçməsi amerikalılar üçün çox mühüm mesaja malikdir. Mesaj budur: “Heç kim İran İslam Respublikası silahlı qüvvələrinin qüdrətinə sədd yaratmaq iqtidarında deyil və bu donanma dünyanın bütün sularında sülh və dostluq mesajı ilə üzür”.
Mesaja gəldikdə, bunun mesaj olduğuna şübhə yoxdur. Amma dəniz gücü baxımından bu, İranın gücünü nümayiş etdirmir. İran sadəcə təsiredici gücə malik olmayan donanması ilə öyünməyə çalışır./teleqraf.com