İrəvan seçimini etdi: Kreml xaindir – Arşakyan
Rusiya və KTMT də İrəvana Ermənistan-Azərbaycan sərhədinə missiya göndərməyi təklif etmişdi, lakin Ermənistan tərəfi qəti şəkildə rədd cavabı vermişdi. Çünki Moskvanın və KTMT-dəki “müttəfiqlərimizin” iki ildən çoxdur atdığı addımlar erməni xalqında və hökumətində etimad yaratmır. Başa düşürük ki, Moskva indi Bakı və Ankara ilə eyni komandada çıxış edir. Və belə bir vəziyyətdə Ermənistanda heç kim keçini kələmlə bağçaya buraxmaq istəmir. Yəni bizim hakimiyyət rusları rədd edib avropalıları seçməklə bir tərəfdən Moskvaya qara bir “quş” qoydu, digər tərəfdən də dünyaya Ermənistanı Qərbə doğru çevirdiklərini göstərdi.
Bunu tanınmış erməni analitik Tevos Arşakyan deyib.
“Bəli, biz yaxşı bilirik ki, Ermənistan vasitəsilə regionumuza nüfuz edən Qərb Rusiyanı sıxışdırıb çıxarmaq kimi geosiyasi məqsədlərini həyata keçirir. Bəs İrəvanın xarici siyasətini Moskvadan Brüsselə dəyişməsində günahkar kimdir? 44 günlük müharibədə və ondan sonrakı dövrdə Ermənistana xəyanət edən yalnız Rusiyanın özüdür. Kreml Azərbaycan və Türkiyəni razı salmaq üçün regionda yeganə müttəfiqinin maraqlarını heçə saydı. Doğrudanmı Moskva bu qədər sadəlövh idi ki, İrəvanda heç bir əks tədbir görülməyəcəyini düşünürdü? Hətta küncə sıxışdırılmış siçan vəhşi heyvana çevrilir. Təbii ki, Rusiyanın hələ də Ermənistana qarşı çoxlu təzyiq rıçaqları var. Unutmayaq ki, ölkəmiz sözün əsl mənasında Rusiya hərbçiləri və FTX-si ilə doludur. Şübhə etmirəm ki, yaxın günlərdə İrəvana qarşı bütün bu təzyiq rıçaqlarından istifadə olunacaq. Və bu kontekstdə Rusiyanın ərazimizdə hərbi mövcudluğunun dayandırılması məsələsi yenidən kəskin şəkildə ortaya çıxır. Biz öz sərhədlərimizi özümüz qoruya bilərik və AB-nin uzunmüddətli missiyası bizə əlavə təhlükəsizlik zəmanəti verir. Erməni xalqı ümid etmək istəyir ki, hakimiyyət bundan qorxmayacaq və Qərblə, o cümlədən onun hərbi-siyasi strukturları ilə əlaqələri gücləndirmək siyasətini davam etdirəcək. Ermənistanın yeri KTMT və Aİİ-də deyil, AB və NATO-dadır”, – o bildirib.