İsveçdə qalmaqal bitmir – Türk bayrağı təhqir edilir, Quran yandırılır…
Xəbər verdiyimiz kimi, YPG terrorçularının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın maketini tarixi bələdiyyə binası qarşısında asması Ankara ilə Stokholm arasında diplomatik böhrana səbəb olub. Bu gün İsveç mətbuatında dərc olunan xəbərlər böhranın şiddətlənəcəyini göstərir.
İsveçdə nəşr edilən “Flamman” qəzeti Ərdoğanı hədəf alıb.
10 min kron mükafatlı karikatura yarışmasına əlavə olaraq qəzetin bu həftəki üz qabığında İsveç bayrağının yerinə “utanc verici bayraq” və buna bənzər təhqiramiz ifadələrlə Türkiyə bayrağı istifadə edilib.
“Dagens Nyheter” nəşri “Flamman” qəzetinin Ərdoğana ən yaxşı satira vəd etdiyini bildirib.
“Expressen” qəzeti isə danimarkalı ifrat sağçı siyasətçi Rasmus Paludanın törədəcəyi yeni təxribatla bağlı yazır: “Paludan Türkiyə səfirliyinin qarşısında Quranı yandırmaq istəyir”.
“Expressen” daha əvvəl də oxşar təxribatlar törədən neonasist siyasətçi Paludanın şənbə günü yerli vaxtla saat 13.00-da hərəkətə keçəcəyini qeyd edib.
Rasmus Paludan polisə müraciət edərək “İsveçin NATO-ya üzv olması ilə bağlı heç bir problemim yoxdur. İsveçdə nə türk, nə də kürd istəyirəm” deyib. “Expressen” prezident Ərdoğanı hədəf alan bir şeir də dərc edib./teleqraf.com