“Ərazimizdəki erməni silahlılarına ultimatum veriləcək…” – “Azərbaycanın lokal əməliyyatlara hazırlığı davam edir”

 

Bölgədə sülh atmosferini hərbi gərginlik əvəzləyir. Həm Ermənistandan, həm də separatçıların oturduğu Xankəndindən müharibə təhdidləri və tələbləri yüksələn xəttlə eşidilir. Baxmayaraq ki, bunun üçün nə Ermənistan ordusunun gücü, nə də müasir və kifayət qədər silah ehtiyatı var. Buna rəğmən sülh danışıqlarından qaçan, bölgədə sabitliyin və əməkdaşlığın olmasına qarşı çıxan, yola gəlməyən Ermənistanın son məqsədinin nədən ibarət olması bəlli deyil.

 Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli mövzu ilə bağlı sualları cavblandırıb.

– Qabil müəllim, hazırda Azərbaycan-Ermənistan münasibətlərini yoluna qoymaq üçün aparılan danışıqlarda durğunluq yaranıb, əvəzində Xankəndindəki rus casusu Ruben Vardanyan sadə erməniləri Bakıya qarşı “mübarizəyə” səsləyir. Bu baxımdan hərbi-siyasi vəziyyəti necə qiymətləndirmək olar?

– Vəziyyət hərbi qarşıdurmaya çatacaq durmdadır. Çünki Ermənistan dünya gücü adlandırılması mümkün olan bəzi dövlətlərin ötürməsi ilə sülhyaratma prosesini pozub, eləcə də Azərbaycanın ərazi bütövlüyünü qəbul etsə də, bu ərazilərdəki separatçı qüvvəyə qayğı göstərir. Bölgədə Azərbaycanın ərazi bütövlüyünü qəbul edənlər, bu regionda bizim suverenliyimizin yayılmasına şərait yaratmaq əvəzinə, maneə olmaqda davam edirlər. Azərbaycan fəallarının Laçın yolunda keçirdiyi tədbirlər dünya ictimai rəyində ziddiyyətli rezonans doğursa da, bir fakt özünü aydın təzahür etdirir – bölgədəki vəziyyəti az-çox dərk edən, onun səbəb və nəticələrini düzgün təhlil edən ölkələr və qruplar da mövcuddur. Bunu BMT-dəki müzakirələr zamanı Fransanın ərsəyə gətirdiyi qərar layihəsinin uğur qazanmaması, sənədin geri çəkilməsi də sübut edir. Faktiki olaraq Laçın yolunda fəalların beynəlxalq hüquqla uzlaşan tədbirləri öz bəhrəsini verməkdədir. Qarabağ ərazisini illərdir yağmalayan bəzi xarici şirkətlərin fəaliyyətinin dayandırılması haqda məlumatlar gəlir. Üstəlik, Azərbaycan başqa bir istiqamətdə səylərini gücləndirib. Söhbət Xankəndi üzərində tədricən Azərbaycanın nəzarətini bərpa etməsindən gedir. Artıq Xankəndi, Əsgəran və Ağdərənin su, qaz və digər infrastrukturlarının Azərbaycan tərəfindən təmin edilməsi və ödənişlərin də Azərbaycan manatı ilə həyata keçirilməsi haqda müəyyən danışıqların və bunun nəticəsində irəliləyişlərin olması haqda məlumatlar gəlməkdədir. Üstəlik, Azərbaycan dəfələrlə Ermənistana və beynəlxalq təşkilatlara bildirib ki, Qarabağın dağlıq hissəsində – Xankəndi və digər ərazilərin humanitar təchizatını öz üzərinə götürə bilər. O şərtlə ki, həmin hissədə yaşayan əhali təchizat və xidmətin qarşılığını Azərbaycan manatı ilə ödəsin. Bu istiqamətdə danışıqlar gedir, müəyyən nəticələrin olması haqda fikirlər səslənir. Demək mümkünsə, həm diplomatik sahədə, həm də praktiki addımlar baxımından Azərbaycanın bölgədəki suverenliyinə dair məsələlər özünə yol açmaqdadır.

– Hərbi vəziyyət…

– Görünən odur ki, hərbi situasiya hamar deyil, Azərbaycan diplomatik səylərin nəticə verməyəcəyi təqdirdə qısa müddətli lokal əməliyyatlara hazırlığını davam etdirir. Bu gün Azərbaycan ordusunun müxtəlif hissələri həm təlimlərdədir, həm də insani ehtiyatla təchizat baxımından ciddi işlər həyata keçirilir. Orudumuzun döyüş qabiliyyətinin, atəş gücünün artırılması məqsədilə praktiki addımlar atılmaqdadır. Xüsusilə, ordumuzun Türkiyə və NATO standartlarına keçidinin başa çatması ilə əlaqədar onun döyüş qabiliyyətinin bir neçə dəfə artdığını demək mümkündür.

Ermənistan tərəfi də silahlanmağa davam edir. Həm Rusiyadan yardımlar atır, həm də Hindistan kimi ölkələrdən silah almağa çalışır. Amma erməni ordusunun özünə gəlməsi və Azərbaycan ordusu qarşısında duruş gətirməsi üçün potensialı yoxdur. Üstəlik də hərbi çağırışçılarla bağlı insan ehtiyatı və müasir silahlar baxımından erməni ordusu xeyli geridə qalıb. Ermənistanın sülhyaratma prosesindən uzaqlaşması, xüsusilə, Qarabağ iqtisadi zonasında separatçıların fəallaşması və orada Rusiyanın emisarı kimi fəaliyyət göstərən Vardanyanın “son damla qanımıza qədər mübarizə aparacağıq” kimi sərsəmləmələri bölgədə ehtirasları xeyli gücləndirib. Azərbaycan bu dələduzu sıradan çıxarmaq məqsədilə əlində olan imkanlardan istifadə edir. Üstəlik, Azərbaycan özünün bölgədəki geostrateji üstünlüklərindən yararlanaraq, ehtiyac duyularsa, bölgədə suverenliyini tam bərpa etmək məqsədilə lokal xarakterli anti-terror əməliyyatlarını həyata keçirə bilər. Bu ehtimal kifayət qədər realdır. Azərbaycan siyasi rəhbərliyinin son dövrlər verdiyi bəyanatlarda bu məsələ qırmızı xətlə keçir.

– Son dövrlər Azərbaycanın Müdafiə naziri, Baş Qərargah rəisi, eləcə də yüksək çinli generallar müxtəlif hərbi hissələrdə olur, hazırlıqları yoxlayırlar. Bu intensiv səfərlər mesajdır, yoxsa adi qaydada fəaliyyət?…

– Mən bunu planla döyüş hazırlıq səviyyəsini qaldırmaq, ordunun müharibəyə hazırlanması ilə bağlı tədbirlər sistemi kimi başa düşmək istəyirəm. Belə yoxlanışlar adətən mütəmadi həyata keçirilir. İndiki yoxlamalar daha ciddi və daha məqsədyönlü xarakter daşıyır. Demək olar ki, ordunun bütün hissələrində – Quru Qoşunlarında, Tank bölmələrində, Hərbi Hava Qüvvələrində, Hava Hücumudan Müdafiə Qüvvələrində aparılan döyüş hazırlığı səviyyəsinin yoxlanılması, ordunun təchizat məsələsi nəzarətdən keçirilir. Çatışmazlıqların aradan qaldırılması üçün qəti tapşırıqlar verilir. Bu baxımdan qeyd edim ki, Müdafiə naziri və Baş Qərargah rəisinin yerlərdəki hərbi hissələrə getmələri, hərbçilərə Azərbaycan Prezidenti adından müəyyən tapşırıqların verilməsi deməyə əsas verir ki, erməni tərəfinin son destruktiv addımları, Fransa və Hindistandan silah almaq niyyəti, Rusiya ilə silah alış-verişinə dair fikirlər Azərbaycan tərəfini daha ehtiyatlı olmağa vadar edir. Ona görə də, Azərbaycan ordusunda bütün problemlərin həlli istiqamətində həm siyasi hakimiyyət, həm də hərbi qurumlar tərəfindən addımlar atılır. Nəzərə alsaq ki, bu məsələlər Türkiyə ilə əməkdaşlıq kontekstində həyata keçirilir, bu halda demək olar ki, Azərbaycan ordusu dövlətin qarşısında duran məqsədlərin həyata keçirilməsi və ərazilərimizdə suverenliyimizin tam bərpası üçün ona veriləcək istənilən tapşırığı uğurla yerinə yetirməyə qadir ordu kimi inkişaf etdirilir. Mənim zənnimcə, bu da qanunauyğun prosesdir.

– Hazırda Qarabağın dağlıq hissəsində rus sülhməramlılarla yanaşı Ermənistan və separatçı rejimin silahlıları və Azərbaycan ordusunun hərbi hissələri mövqe tutur. Regionda coğrafi və hərbi baxımdan əhəmiyyətli mövqelərin bölüşülməsi necədir?

– Azərbaycanın bölgədəki bütün hakim yüksəkliklərə nəzarət etməsi, bu nəzarət mövqelərindən istifadə edərək həm Ermənistan ərazisinə, həm də separatçıların oturduğu Xankəndi və onunla əlaqəli bölgələrə nəzarət edə bilməsi imkanları ordumuzun bölgədə ciddi strateji üstünlüklərə malik olduğunu təsdiq edir. Azərbaycan ordusunun indiki döyüş hazırlığı vəziyyəti, eləcə də müxtəlif yüksəkliklərdə yerləşməsi ona ehtimal edilən istənilən hərbi qarşıdurmada birmənalı üstünlıük vəd edir. Əgər lazım gələrsə ordu bu üstünlüklərdən istifadə edərək düşmənə sarsıdıcı zərbə endirib, onu tamamilə sıradan çıxara bilər. Azərbaycan özünün hərbi strategiyasında bu həqiqəti nəzərdə tutur ki, arxasında qüvvət gücü olan diplomatiya bu məqsədlərə nail ola bilər. Bu səbəbdən də hərbi sahədə üstünlükləri təmin etmək üçün büdcə vəsaitlərini, həm də digər yardımçı tədbirləri görməkdə davam olunur. Bu baxımdan birmənalı demək olar ki, Azərbaycan ordusu bölgənin supergücü, regionda öz iradəsini diktə etməyə potensial imkanları olan mütəşəkkil ordu birləşməsi kimi qarşıya qoyulan tapşırıqları həll etməyə qadirdir.

– Sirr deyil ki, bölgədə regional güclər fəaldır və öz maraqları kontekstində işləyir. Hazırda Ermənistanla Azərbaycan arasında müharibənin olması kimin maraqlarına uyğun, kimin istəklərinə ziddir?

– Azərbaycan bölgə dövləti kimi müharibə istəmir, hər şeyin beynəlxalq hüquq və beynəlxalq münasibətlərin normalarına uyğun həllini istəyir. Amma bizimlə üz-üzə duran Ermənistan və suveren ərazilərimizdə yerləşən onun ordu birləşməsinin qalıqları, eləcə də separatçılar meydanı qızışdırmağa, bölgədə qarşıdurma yaratmağa və mümkün qarşıdurmadan beynəlxalq təşkilatların köməyi ilə Azərbaycana qarşı müəyyən qərarların çıxarılmasına nail olmaq istəyirlər. Ancaq son dəfə BMT-də Fransanın pozucu qərarının qəbul edilməsinin qarşısını alan Azərbaycan tərəfi bölgədəki durumla bağlı dünyada maarifləndirici və dünya ictimai rəyini formalaşdıran addımlar atır. Bu məsələlərdə Azərbaycanın diplomatik korpusu, diasporası və Prezident İlham Əliyevin fəal xarici siyasət xətti müəyyən uğurlar qazanmağa şərait yaradır. Amma biz görsək ki, qarşı tərəf Azərbaycanın hərbi-siyasi gücündən təsirlənib destruktiv addımlarından imtina etməyəcəksə, qarşıdurma taktikasına üstünlük verəcəksə, bu zaman Azərbaycan bu məsələnin beynəlxalq ictimai rəydə hansı rezonans doğura biləcəyindən asılı olmayaraq öz əraziləri üzərində suverenliyini tam təmin etmək məqsədilə erməni silahlı qüvvələrinin son qalıqlarını təmizləyəcək. Həmin qüvvələr əvvəllər 10-12 min, son dövrlər isə 5 min civarında göstərilir. Azərbaycan onlara ultimatum verərək ərazisindən çıxmasını tələb edəcək, bu tələb yerinə yetirilməyəcəyi təqdirdə onlara qarşı preventiv addımlar atacaq.

Rusiya bölgədə vəziyyətin qızışmasını istəyən tərəfdir. Fransa da sanki belə olmasını istəyir. Amma ABŞ və Avropa İttifaqının əksər dövlətləri hesab edir ki, bölgədə vəziyyətin kəskinləşərək isti mərhələyə keçidi daha çox Rusiyanın maraqlarına xidmət edir. Müəyyən qədər də Fransanın araqarışdırıcı niyyətlərinə xidmət edir. Bu mənada bölgənin isti müharibəyə daxil olmasını arzulamırlar. Lakin qüvvələrin necə olmasından, simpatiya və antipatiyaları nəzərə almadan onu deyə bilərik ki, Azərbaycan indiyə qədər qərarlı mövqe tutuduğundan bütün məsələlərdə öz hüquqlarını bərpa edə bilib. İndən sonra da ərazilərimiz üzərində suveren hüquqlarımızın bərpası məsələsində qərarlı mövqe tutmaqda davam edəcək, dünyanı da bu məsələlərə inandırmağı bacaracaq. Güman edirəm ki, istənilən halda prosesləri yoluna qoymaq mümkün olacaq. /azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password