Müharibə milyardlar yeyir: Kreml pul çatdırmayacaq
Ukraynaya qarşı müharibəni davam etdirməyə Kremlin pulu çatmayacaq. Artıq Rusiya hakimiyyəti iri xammal istehsalçılarından və dövlət şirkətlərindən vəsait çıxarmağa hazırlaşır.
Bu barədə “Blumberq” agentliyi yazıb.
İqtisadçılar bildiriblər ki, Rusiyada müharibə ilə bağlı olmayan bütün xərclərin azaldılması prosesi planlaşdırılır. Qeyd olunur ki, baş nazir Mixail Mişustinin hələ dekabr ayında Rusiya rəsmilərinə verdiyi göstərişə əsasən, dövlət şirkətlərindən dividendlər və kömür hasilatı şirkətləri və gübrə istehsalçılarından “birdəfəlik ödəmə” əhəmiyyətli dərəcədə artacaq.
Sənəddə bildirilir ki, Xersondan Rusiyaya 100 min nəfərin köçürülməsi üçün əlavə 175 milyard rubl ayrılmalıdır. Nəşr qeyd edib ki, bu, Rusiya Federasiyasının hakimiyyət orqanlarının şəhərin yenidən ələ keçirilməsinin mümkün olmadığına işarədir:
“Səfərbər edilən pullar Ukraynada genişmiqyaslı müharibə ilə bağlı xərclərin ödənilməsinə yönəldiləcək. Dividendlərin məbləği və ya birdəfəlik ödənişlə bağlı qərar hələ qəbul edilməyib, lakin Kreml dövlət şirkətlərinin xalis mənfəətinə 50%-dən aşağı olmayan səviyyədə “rekvizisiya” qoymağa çalışacaq”.
Qeyd edək ki, hələ ötən ilin may ayında Rusiyanın müharibənin hər günü üçün 900 milyon dollar xərcləndiyi bildirilmişdi. Bu pullar hərbçilərin saxlanmasına və yerdəyişmələrinə, aylıq müavinətlərinə, döyüş sursatları və raketlərlə təminatına, texnikaların təmirinə və s. xərclənir.