Suriya ilə bağlı yeni planın Cənubi Qafqazdakı əks-sədası
Türkiyə ilə Rusiyanın Suriyada rəqabət əsasındakı əməkdaşlığına rəsmi Dəməşq də qoşulur. İndi Bəşər Əsəd hakimiyyəti Ankaraya maneə yaratmasa, bu, Ankara-Moskva xəttinə yeni müsbət impulslar yükləyəcək.
Türkiyə ilə Suriyanın münasibətlərinin nahamar müstəvidə olması təcrübəsi Suriyada münaqişənin başlanmasından əvvəllərə gedib çıxır, iki ölkənin arasında gah buz təbəqəsi yaranıb, gah da həmin buzlar əlaqələrin istiləşməsi ilə əriyib.
Ancaq 2011-ci ildə Suriyada nəhənglərin toqquşması başlayanda Türkiyə bir-biriylə baş-başa gələn qüvvələrin arasında sıxışmamaq üçün elə mövqe tutdu ki, bu, Bəşər Əsədə qarşı sərt ritorika ilə nəticələndi.
Türkiyənin Bəşər Əsədə qarşı tutumu Qərbin məntiqindən fərqli idi, Ankara daha çox sərhədlərinin təhlükəsizliyi üçün burnunun ucunda olan alovların ölkə hüduduna sıçramamasına çalışırdı.
Ankara Suriyada sürətlə nüfuz dairəsi yaradan Rusiya ilə əməkdaşlıq formatı qurdu, hərçənd ki, bu iki ölkənin Bəşər Əsədə münasibəti daban-dabana ziddiyyətli tezislər üzərində qurulmuşdu.
Suriyadakı əməkdaşlıq gah gərginlik, gah da soyuq dostluqla müşayiət edilirdi və bu, zamanla ABŞ-nin dar bir coğrafiyaya sıxışdırılması ilə nəticələndi, hərçənd ki, Vaşinqton üçün ərazi nailiyyəti deyil, strateji qazanclar önəmlidir.
Bu gün ABŞ-nin Suriyada nəzarət etdiyi ərazilər ölkənin şimal-şərqini əhatə edir və buraların təbii sərvətlərlə bolluğu Vaşinqton üçün kifayət edir. Vaşinqton PKK silahlılarından sipər kimi istifadə edərək həmin ərazilər üzrə nəzarəti əldən vermək niyyətində deyil. ABŞ-nin nüfuz zolağı Türkiyə ilə sərhəd bölgələri də əhatə edir, Ankara Vaşinqtonun tutduğu yolun PKK-nın güclənməsi kimi şərh edir.
Ona görə də Ankara ilə Ağ Evin ulduzları barışmır, birgə əməkdaşlıq ruhu mövcud olsa da, qəlizləşən maraqlar tərəfləri bir-biri ilə dil tapmağa qoymur.
Belə olan təqdirdə, Ankara yaxın münasibətdə olduğu Moskva ilə anlaşır. Bu, Kreml üçün də sərfəlidir, çünki Rusiya Ukraynada apardığı müharibə səbəbi ilə Suriyada da itkilərlə üzləşmək riski ilə qarşı-qarşıyadır. Yəni, Rusiya Türkiyə vasitəsilə əlindən çıxara biləcəyi maraqları kompensasiya etməyə cəhd göstərir.
Qarşılıqlı maraqlarda dozanın yüksəlməsi Bəşər Əsəd qüvvələrinin də Türkiyənin keçirəcəyi əməliyyatlarda həmrəylik üçün iştirakını labüd edir. PKK Suriya hökumətinin də, Türkiyənin də ortaq düşmənidir, ancaq Bəşər Əsəd Ankara üçün həmrəyliyi bir şərtlə göstərə bilər.
Yəni, Suriya qüvvələri Türkiyənin PKK-ya qarşı əməliyyatlarına dəstək verir və kürd silahlılar zərərsizləşdiriləndən sonra Ankara öz qoşunlarını Suriyadan geri çəkir.
Bu formul Türkiyə üçün məqbul deyil, çünki Ankara yenidən PKK-nın baş qaldırmayacağı ilə bağlı zəmanət ala bilməz və regionda ABŞ-nin əsas hərəkətverici qüvvəsi məhz PKK-dır.
Məsələ, təkcə PKK ilə də məhdudlaşmır, Suriya poliqonunda Türkiyə üçün İŞİD kimi digər terrorçu ünsürlər də mövcuddur, Ankaranın qonşu ölkədə hazırda silahlı iştirakı isə həmin təhdidlərin önünü kəsir.
Türkiyənin Suriyadakı mövcudluğu ABŞ-nin də strateji xəttinə uyğundur, hərçənd ki, iki ölkəni bir-biri ilə didişdirən iki məqam var – biri PKK, digəri isə neft-qaz yataqları uğrundakı rəqabət.
Bununla belə, Türkiyənin Suriyadakı silahlı mövcudluğu Qərb üçün Rusiyanın nüfuz dairəsini neytrallaşdırmaqdan ötrü lazımdır, lakin Ankara daha çox öz məntiqinə üstünlük verir.
Ona görə də, Türkiyənin Rusiya ilə sövdələşmək versiyası ABŞ ilə anlaşmaq ehtimalından daha ağlabatan görünür, çünki Moskvanın Suriya üzrə gedişləri Ankaranın strateji maraqlarına zərbə vurmaq həddində deyil.
Beləliklə, qəribə də olsa, Türkiyə-Rusiya-Suriya triosu formalaşmaq üzrədir, ancaq ABŞ-nin də öz oyun qaydaları yəqin ki, yaxın zamanlarda özünü büruzə verəcək.
Türkiyə ilə Rusiyanın Suriya hökumətinin iştirakı ilə əməkdaşlıqdan qazana biləcəyi dividentlər iki ölkənin Cənubi Qafqazdakı müştərək maraqlarını da stimullaşdıra bilər.
Fikir versək, görərik ki, Suriyadakı növbəti əməkdaşlıq müstəvisində ofsaydda saxlanılan oyunçu İrandır, bu, Ankara ilə Moskvanın Cənubi Qafqazda da Tehranı sıxışdırmaq siyasətinə start verəcəyinin anonsudur.
Tehran onsuz da Cənubi Qafqazda istədiyinə nail ola bilmir, Suriyadakı zəncirlər isə Azərbaycanın İrana qarşı Türkiyə-Rusiya əməkdaşlığından faydalana biləcəyi ehtimallarını artırır.
Yekun olaraq, Azərbaycan Türkiyə-Rusiya ikilisinin Suriya və Cənubi Qafqazdakı maraqlarını sinxronlaşdırmasından yararlanmaq potensialını gücləndirə bilər. Ancaq nəzərə almaq lazımdır ki, Suriyada növbəti mərhələ üçün proseslər danışıqlar səviyyəsindədir. Hərçənd ki, Rusiya ilə Türkiyə birgə maraqlarını Suriya ilə uyğunlaşdıra bilməsə belə, bu, Ankara ilə Moskvanın Cənubi Qafqazdakı prioritetlərinə həlledici zərbə vurmaq meylindən uzaq olacaq./oxu.az