Vasif Talıbovun yoxlamaların dayandırılması xahişi qəbul edilmədi…

Bünyamin Qəmbərli: “Yoxlamalar kiminsə xahişi ilə dayandırıla bilməz”

Biliyimiz kimi, ötən ay Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən Naxçıvan Muxtar Respublikasında müxtəlif strukturlarda əməliyyat keçirdi və yüksək vəzifəli məmurlar həbs edildi. Bu günlərdə Vasif Talıbov Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən istefa verdi. Onun istefasından əvvəl də, sonra da Naxçıvanda maliyyə, gömrük, vergi yoxlamalarının davam etdiriləcəyi barədə xəbərlər yayılmağa başladı.

Qeyri-rəsmi məlumatlara görə, Vasif Talıbov yuxarı instansiyalardan Naxçıvanda yoxlamaların davam etdirilməməsini, ümumiyyətlə bu prosesin dayandırılmasını xahiş edib. Lakin onun xahişi qəbul olunmayıb. Talıbova bildirilib ki, hakimiyyət bu məsələdə prinsipialdır və əsas xətti, iradəsi, məqsədi Naxçıvanda bu yoxlamaları davam etdirmək və prosesi tam başa çatdırmaqdır.

  • “DTX harada yoxlama aparsa, orada çox ciddi korrupsiya faktları ortaya çıxır”

Naxçıvanda DTX-nın yoxlamaları barədə danışan müstəqil siyasətçi Bünyamin Qəmbərli bildirdi ki, DTX əvvəllər Azərbaycanın müxtəlif nazirlik və yerli icra hakimiyyətlərində yoxlamalar aparıb, hər birində də çox ciddi yeyintilər, rüşvət, korrupsiya halları aşkarlanıb: “Bugünə qədər DTX Naxçıvanda da bir neçə qurumda əməliyyat keçirib və çox ciddi korrupsiya faktları, maliyyə yeyintiləri ortaya çıxarıb. Yəni bu o deməkdir ki, Azərbaycanın istənilən bir nazirliyində, istənilən bir dövlət strukturunda çox ciddi yeyinti faktları var. Çünki DTX harada yoxlama aparsa orada çox ciddi korrupsiya faktları ortaya çıxır. Bu bütün idarəetmə strukturlarının çox ciddi korrupsiya və ciddi mənimsəmə ilə məşğul olduğunu ortaya qoyur. Həm də bu cür yoxlamaların çox vacib olduğunu zəruri edir. Amma DTX-nın yoxlamaları yetərli deyil. Mən əvvəlki müsahibələrimdə də dəfələrlə demişəm, bunun iki yolu var. Birincisi, çox ciddi şəffaflıq olmalıdır, hər struktur ona ayrılan pulu necə xərclədiyini rəsmi saytında və KİV-də verməlidir. İkincisi, mütləq müxalifət olmasa da, bir siyasi qruplaşmalar da olsa onların, eləcə də QHT-lərin, nüfuzlu aydınların iştirakı ilə ictimai şuralar, yaxud nəzarət şuraları yaradılmalıdır ki, pulun xərclənməsi ilə bağlı şəfəfflıq təmin olunsun”.

B.Qəmbərli deyir ki, əks halda gərək DTX dövlətin təhlükəsizliyi ilə bağlı bütün vacib işlərini buraxıb yalnız bunlarla məşğul olsun, bu da dövlətimizə əlavə bir problem, narahatlıq yarada bilər: “Yoxlamalar kiminsə xahişi ilə dayandırıla bilməz. Çünki kiminsə xahişi ilə yoxlamalar dayandırılsın, yaxud kiminsə xahişi ilə davam etdirilsin kimi məsələlər dövlət ənənələrində, idarəçiliyində yoxdur, ola bilməz. Ən nəhayət, bütün bunlarla bağlı bütün sahələrdə ciddi islahatlar getməlidir. Xüsusilə də məhkəmə sistemində. Bizdə idarəetmə o qədər şişib ki, onun ucunu-bucağını yığıb-yığışdırmaq olmur. İdarəetmədə ciddi islahatlar getməlidir, ciddi struktur islahatları getməlidir. Məhkəmə islahatları da getməlidir. Bir çox məsələlərdə DTX-dan, başqa təşkilatlardan başqa məhkəmə də prosesə qoşulmalıdır. Çünki vətəndaş şikayəti əsasında o daha ciddi araşdırılar, hadisə haqda daha ədalətli qərar qəbulı edilər”.

O hesab edir ki, bu problem yalnız DTX-nın araşdırmaları ilə köklü həll edilə bilməz, məhkəmə strukturu da prosesə qoşulmalıdr, bunun üçün isə o sistem formalaşdırılmalıdır./baki-xeber.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password