Nazir: “Gənclərin əsas problemi işsizlikdir”
“Gənclərin bir çox çətinlikləri var, biz onları araşdırırıq, çalışırıq həll edək. Dünyanın hər yerində olduğu kimi əsas problem işsizlikdir”.
Bunu gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, rəhbərlik etdiyi qurum bu istiqamətdə bir sıra layihələr həyata keçirir:
“Dövlət Məşğulluq Agentliyinə təşəkkür edirəm ki, cari il ərzində birlikdə bir sıra layihələr gerçəkləşdirdik. Hətta beynəlxalq qurumlarla da birgə layihələrimiz oldu. Bizim gənclər evlərimiz var. Orada da bir sıra tədbirlər həyata keçirilib. Xüsusilə vurğulamaq istədiyim bizim “Yerli” layihəmizdir. Bu layihə çərçivəsində biz regionlara tez-tez səfər edirdik. Regionlardakı imkanlar paytaxtdakı imkanlarla eyni deyil”.
Nazir qeyd edib ki, bir sıra yeni peşələr yaranıb:
“Xüsusilə də İT sahəsində. Təəssüf ki, region gənclərinin bu istiqamətdə imkanları məhduddur. Bəzi gənclər evində kompüterlər yoxdur. Biz onlara qısa müddət ərzində şərait yaratmağa və “Yerli” layihəsi çərçivəsində İT kursları, qrafik dizayn kursları keçməyə çalışdıq. Bu davamlı olacaq.
“Yerli” layihəsi çərçivəsində 3 ay ərzində 240 nəfərdən artıq gənclə görüşdük. Aparılan işlərin nəticəsində bəlli oldu ki, onlardan bir çoxu regionlarda iş tapa biliblər. Onlar heç bir yerə getmədən internet üzərindən SMM deyilən sahə üzrə iş qurub pul qazana biliblər. Bizim belə layihələrimiz çoxdur, gələcəkdə də bu cür layihələr üzərində çalışacağıq. Hazırda yeni layihələrin hazırlanması üçün müəyyən araşdırmalar davam edir”.