Görüntülər üzə çıxdı – “Bayden Putinə məğlub oldu”
Rusiyada narkotik alverində təqsirli bilinən amerikalı qadın basketbolçu Britni Qriner iki ölkə arasında məhbus mübadiləsi çərçivəsində azad edilib.
BƏƏ-də Rusiya ilə ABŞ arasında baş tutan məhbus mübadiləsinin görüntüləri üzə çıxıb.
Mübadilə razılaşması çərçivəsində rusiyalı silah qaçaqmalçısı Viktor Butun sərbəst buraxılması ABŞ-da hiddətə səbəb olub. “Putin Baydeni məğlub etdi” şərhlərinin verildiyi mübadilədən sonra Prezident Co Baydenin istefasına çağırışlar edilib. ABŞ prezidentinin keçmiş müşaviri Con Bolton bunu “kapitulyasiya” adlandırıb.
Butun silah qaçaqmalçılığına davam edəcəyi ilə bağlı narahatlıq var.
ABŞ basketbolçusu Britni Qriner fevral ayında Rusiyada narkotiklə saxlanılıb. Moskva Məhkəməsi Qrinerə 9 il həbs cəzası verib.
İyulun 27-də verdiyi açıqlamada ABŞ dövlət katibi Antoni Blinken Rusiyada həbsdə olan amerikalı Pol Uilanın, eləcə də Qrinerin ekstradisiyası üçün Moskvaya mühüm təklif hazırladıqlarını açıqlamışdı. Bayden də Rusiyanı Qrineri azad etməyə çağırmışdı.
Silah qaçaqmalçısı kimi tanınan Viktor But Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinə (FARC) silah tədarük etdiyinə görə ABŞ-da 25 il həbs cəzasına məhkum edilib.
Amerikalı aktyor Nikolas Keycin baş rolda oynadığı məşhur “Silah baronu” filmi Butun həyat hekayəsi əsasında çəkilib./teleqraf.com