Kreml Bakını yenidən oyuna gətirmək istəyir? – İrəvan açıq etiraf etdi
Rusiya son günlər Bakıya Qarabağla bağlı porseslərdə destruktivlik göstərməyə çalışır. Bu ifadənin sülhməramlı kontingentin fəaliyyət(sizliy)i ilə heç bir dəxli olmasa da, rəsmi Moskvanın Bakı ilə son təmaslarında açıq sezilir.
Rusiya Müdafiə Nazirliyinin Qarabağdakı məntəqələri erməni dilində adlandırmasının, Azərbaycanın dəfələrlə xəbərdarlığına məhəl qoymayaraq erməni toponimləri ilə bu yerləri qeyd etməsinin yaxşı fərqində olan rəsmi Moskva bu disbalansı tənzimləmək, rəsmi Bakının könlünü almaq üçün dekabrın 5-də Ceyhun Bayramovun Moskvaya səfəri zamanı bir xeyli çalışdı.
Hələ görüşdən əvvəl Rusiya Xarici İşlər Nazirliyinin bəyanatı zamanı “Azərbaycan Rusiyanın Cənubi Qafqazda və Xəzər regionunda mühüm tərəfdaşı, eyni zamanda müttəfiqidir” ifadələrinə yer verilməsi Azərbaycanın son proseslərə Moskvanın dürüst olmayan münasibətinə narazılığını önləmək məqsədi daşıdı.
Amma Moskvanın bu üzr mesajı qəbahətindən daha böyük oldu. Bunu elə Ceyhun Bayramov da Lavrovun Azərbaycanla bağlı görüş əsnasında tez-tez “müttəfiq” ifadəsinə yer verdiyi zaman “Biz strateji tərəfdaşıq” sözləri ilə hər dəfəsində cavablandırmaqla Moskvaya izah etməyə çalışdı.
Bununla da cənab Bayramov rus həmkarına izah etməyə çalışdı ki, siz bizim müttəfiqimiz olsaydınız, ən azından Rusiya Müdafiə Nazirliyinin Qarabağdakı məntəqələri erməni dilində adlandırmasına yol verməzdiniz.
Rusiyanın Ermənistanla Azərbaycan arasında əsas moderator olmaq həvəsini, Brüssel formatının ağsamasından sonra sübut edən daha bir detal: Rusiya lideri Vladimir Putinin təlimatıyla onun mətbuat katibi Dmitri Peskov patronunun diliylə “Rusiya İlham Əliyev və Nikol Paşinyan arasında görüşün keçirilməsinə kömək etməyə hazırdır” təklifini səsləndirdi. Kremlin məqsədi gün kimi aydındır. Moskva çalışır ki, Cənubi Qafqazda mövqe savaşı uğrunda həlledici olan Bakı-İrəvan münasibətlərinin tənzimlənməsi məsələsində əsas aktor kimi Brüsseli qabaqlayaraq, əvvəlki diplomatik imkanlarını özünə qaytarsın.
Rusiyanın əsas məqsədi dekabrın 7-si üçün nəzərdə tutulan Brüssel görüşü öncəsi Paşinyanın Bakıya “Görüşdə Fransa prezidenti Emmanuel Makron da iştirak etsin” xəbərini göndərməsindən sonra Bakıdan rədd cavabı verilincə yaranan boşluğu doldurmaqdır. Bu məqsədlə də Kreml təşəbbüsü ələ almağa çalışır. Təbii ki, Brüssel görüşünün deyilən tarixdə baş tutmayacağı bütün ictimaiyyətə bəyan edildikdən sonra Rusiya tərəfinin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu Moskvaya dəvət etməsinin səbəblərindən biri də məhz bu idi.
Bu görüş Ermənistanda da olduqca böyük diqqətlə izlənilirdi. Elə Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın Ceyhun Bayramovun rusiyalı həmkarı ilə görüşdə erməni qoşunların Qarabağdan çıxarılması məsələsi ilə bağlı dediklərinə cavab verməsi deyilənləri təsdiq edir. Mirzoyanın cavab olaraq “Qarabağdakı separatçıların qondarma “ordusu” oradakı ermənilərin müdafiəsi məqsədilə lazımdır” bildirməsi, Rusiyanın iştirakı ilə Qarabağ ətrafındakı bir çox mətləblərə aydınlıq gətirmək adına Bakının əlini danışıqlarda daha tutarlı arqumentlərlə gücləndirməyə imkan verir.
Ermənistan XİN başçısının belə bir açıqlaması Rusiyanın Qarabağda sülhməramlılar üzərindən götürdüyü öhdəliklərini xatırlatmaq adına Azərbaycan tərtəfinə olduqca önəmli səbəb oldu. Mirzoyanın dediklərindən belə nəticə çıxdı ki, Qarabağda hələ də qalan qanunsuz erməni silahlı dəstələri separatçıların qondarma “müdafiə ordusu” kimi fəaliyyət göstərir. Bunu Ermənistanın XİN rəhbəri deyir. O şəxs ki, Azərbaycanla danışıqlarda Nikol Paşinyandan sonra rəsmi irəvanı təmsil edən ikinci adam hesab edilir.
Onun bu açıqlamasından belə nəticə çıxır ki, Ermənistan dövləti Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında qanunsuz erməni silahlı dəstələrinin saxlanılmasında əsas maraqlı tərəflərdən biridir və bu məsələ Rusiyanın icazəsi ilə həyata keçirilir. Demək, rəsmi Moskva geridə qalan 2 il ərzində 10 noyabr üçtərəfli bəyanatın 4-cü bəndinə zidd olaraq hələ də həmin terrorçu dəstələrin Qarabağda qalmasını istəyir, sözügedən silahlı dəstələri Azərbaycan ərazilərindən çıxarmaq fikrində deyil.
Qarabağda baş verən təxribat hücumlarının intensivləşməsinə də bu kontekstdə baxsaq, bu qənaətə gələ bilərik ki, ermənilər məhz Rusiyanın icazəsi əsasında Azərbaycanın mövqelərini atəşə tutur, təxribatlar törədirlər.
Ermənistanın son 2 il ərzində mövqeyinin dəyişməməsi, əksinə 4-cü bəndə əməl etməyəcəyini daha açıq mətnlə dilə gətirməsi “cəsarətinin” ardında Rusiya amili olduğu göz önündə. Amma Bakı bu oyunla razılaşmaq fikrində deyil. Bunu Xankəndi və Xocalıya ekoloqlarımızın son səfəri zamanı sülhməramlılarla Azərbaycan jurnalistləri arasında yaşanan gərginlik də deməyə əsas verir.
Rusiya da yaxşı bilir ki, eskalasiya riski hər gün daha artır. Moskva üzərinə gptürdüyü öhdəlikləri Ermənistan qarşısında qaldırıb, təzyiq göstərməyəcəksə qanunsuz silahlı dəstələrin Qarabağdan çıxarılmasının yeganə yolu məcburetmə əməliyyatlarıdır ki, Azərbaycan artıq bunu hazırlığını demək olar ki, yekunlaşdırıb. Ermənistan gələn bahara çıxmaq istəyirsə, Bakının tələblərinə konstruktivlik nümayiş etdirməkdə gecikməməlidir.