Hesablama Palatası DSMF barədə Baş Prokurorluğa müraciət etməyə qərar verib
Hesablama Palatası 24 rayon (şəhər) üzrə 51 nəfərə 20 aprel 2013-cü il tarixinə qədər pensiya təyin edilməklə 884 min manat məbləğində vəsait ödənilməsi halı, digər bölgələrdə eyni hal üzrə cinayət tərkibinin əlamətlərinin olma ehtimalını diqqətə alaraq kənar dövlət maliyyə nəzarətinin nəticələri barədə materialların Baş Prokurorluğa göndərilməsini qərara alıb.
Bu barədə Hesablama Palatasına istinadən xəbər veririk.
Məlumata görə, qurumun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda (DSMF) apardığı audit büdcədənkənar dövlət fondunun gəlir və xərc göstəricilərinin hesabatlarda doğru əks olunması, eləcə də publik hüquqi şəxs qismində vəsaitlərin idarəolunmasına dair fəaliyyətin (pensiya və müavinətlərin təyin edilməsi istisna olmaqla) hüquqi aktlara uyğunluğu vəziyyətini əhatə edib.
2021-ci il üçün Fondun gəlir və xərc göstəriciləri cəmi məbləğ baxımından hesabatlarda düzgün əks etdirilsə də, ayrı-ayrı istiqamətlər üzrə bəzi uyğunsuzluqlar aşkar olunub. Belə ki, Fondun xəzinədarlıq vasitəsilə icra edilmiş gəlirləri və xərcləri barədə məlumatların üzləşdirilməsi ilə bağlı hüquqi aktlarda qeyd edilmiş tələblər tam təmin olunmayıb, bu isə sair daxilolmaların məbləğinin hesabatlarda 8,7% çox göstərilməsi ilə nəticələnib, DSMF və İşsizlikdən Sığorta Fondu üzrə sair daxilolmaların məbləğinin düzgün uçota alınmaması, elektron informasiya bazalarının aidiyyəti qurumlar tərəfindən tam uyğunlaşdırılmaması və vahid formatın hazırlanması prosesinin yekunlaşdırılmaması hesablanmış faiz və maliyyə sanksiyaları üzrə vergi orqanlarının məlumatları ilə müqayisədə fərq məbləği formalaşdırıb.
Gəlirlərin və xərclərin büdcə prosesini tənzimləyən aktların müəyyən etdiyi qaydada vahid büdcə təsnifatına uyğun şəkildə tərtib və icra olunmaması, eləcə də proqnozlaşdırma prosesində tələb olunan məlumatların məzmun baxımından təkmil olmaması, xüsusilə icra edilmiş vəsaitlər barədə hesabatlılığın müəyyən edilməməsi, son nəticədə, gəlirlərin və xərclərin icra səviyyəsinə təsir göstərməklə yanaşı ayrılmış vəsaitlərlə bağlı “məqsəd-nəticə” uyğunluğunun ədalətli qiymətləndirilməsinə şərait yaratmayıb.
2006-2016-cı illər üzrə 1 394 milyon manat vəsaitin sığortaolunanların hesabı ilə eyniləşdirilmədiyi müəyyən olunub, həmin məbləğ ötən il bir neçə dəfə azalsa da, ilin sonuna 274,6 milyon manat sığorta haqları sığortaedənlərin hesabat verməməsi səbəbindən sığortaolunanlar üzrə bölüşdürülməyib. Məlumatların müvafiq proqram təminatında real vaxt rejimində yüklənilməsi tam təmin edilməyib, bəzi hallarda isə bu iş gecikmələrlə həyata keçirilib nəticədə 2021-ci il ərzində 40,8 milyon manat sığorta haqqının sığortaolunanların fərdi şəxsi hesablarında əks etdirilməyib. Ödənilmiş sığorta haqları üzrə sığortaedənlərin natamam hesabat verməsi həmin vəsaitlərin sığortaolunanlar üzrə fərdi hesablarda qeydə alınmaması ilə nəticələnib ki, bu da, sığorta hadisəsinin baş verdiyi təqdirdə sığortaedən, sığortaolunan və sığortaçı arasında öhdəliklərin sərhədlərinin müəyyənləşdirilməsi və bu öhdəliklərin icrasına təsir göstərəcək risklər sırasına aid edilə bilər.
Dövlət öhdəliyinin dəqiq müəyyən edilməməsi, həmçinin DSMF-nin büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin də büdcə təsnifatı üzrə proqnozlaşdırılaraq icra edilməməsi, son nəticədə, öhdəlik-vəsait-nəticə qarşılıqlı uzlaşmasının təmin olunması, eləcə də, öhdəliyin azaldılması ilə bağlı tədbirlərin nəticəliyinin yüksəldilməsi imkanlarını məhdudlaşdırır. Bu istiqamətdə ilkin şərt – öhdəliklərin istiqamətlər üzrə məbləğinin dəqiqləşdirilməsi ilə bağlı fəaliyyət də tam başa çatdırılmayıb.
DSMF-nin büdcəsi barədə qanunun 5-ci maddəsi ilə dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqlarından daxil olan və Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlər üzrə müəyyən edilmiş tənzimləməyə əməl olunmayıb, büdcə təşkilatlarından daxilolmaların proqnoz və icra göstəricilərinin artıqlaması ilə icra olunması fonunda 2021-ci ildə dövlət büdcəsindən ayrılmalı olan vəsait 6,8 dəfə çox azaldılıb.
Xərclərin ayrı-ayrı istiqamətlər üzrə hesabatlarda doğru əks olunması ilə bağlı toplanmış audit sübutları ilə ümumilikdə istifadə edilmiş vəsaitlərin hesabatlarda doğru əks olunduğu müəyyənləşdirilmiş, bununla yanaşı proqnozların əsaslı şəkildə tərtib edilməməsi səbəbindən məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən 3 müavinət növü üzrə 18,9 mln. manat məbləğində vəsaitə əlavə tələbatı yarandığı, 26 nəfər pensiyaçıya eyni zamanda 2 yerli orqanın əmək pensiyası ödənişin həyata keçirdiyi, eləcə də 6 nəfər pensiyaçının vəfatından sonrakı dövr üçün vəsait istifadə olunduğu aşkar olunub.
Ödənişi davam etdirilən pensiya işləri üzrə aparılmış seçmələr əsasında 24 rayon (şəhər) üzrə 51 şəxsə 20 aprel 2013-cü il tarixədək təyin olunmuş pensiya təyinatının həyata keçirilməsi zamanı doğum tarixi üzrə məlumatların əks etdirildiyi sənədlərdə düzəlişlərlər olunduğu, bu düzəlişlərlə yaş həddi hüquqi aktların müvafiq tələbinə uyğunlaşdırılmaqla həmin vətəndaşlara pensiya ödənildiyi müəyyənləşdirilib.
DSMF-nin xərclərinin əsasən dövlət-vətəndaş öhdəliklərinin tənzimlənməsi məqsədi daşıdığını diqqətə alsaq, funksional və iqtisadi baxımdan xərclərin, eləcə də gəlirlərin təsnifləşdirilməməsi son nəticədə bu, ödəmə məbləği, həmin məbləğ müqabilində göstərilən xidmətin dəyəri arasında uyğunluğun müəyyən edilməsini çətinləşdirib.
Fondun saxlanması xərclərinin həddi “Əmək pensiyaları haqqında” qanunun idarəetmə xərcləri ilə bağlı tələbinə uyğun olmuşdur. Xərclərin araşdırılması zamanı bəzi hallarda uyğunsuzluqlar aşkar edilib, müqavilə müddətinin hüquqi aktlarla müəyyən olunmuş prosedurların uzadılması cərimələrin hesablanılması ilə bağlı addımların tətbiqini məhdudlaşdırıb.
İctimai sektorun tərkib elementi olaraq publik hüquqi şəxs kimi fəaliyyət göstərən Fondun konsolidə edilmiş maliyyə hesabatlarının tərtibini yekunlaşdırmaması Fondun maliyyə vəziyyətinin müəyyənləşdirilməsinə şərait yaratmayıb, eləcə də əsas vəsaitlərinin uçotunun düzgün aparılmaması və əvəzsiz verilməsinin hüquqi taktların tələbələrinə uyğun həyata keçirilməməsi aktivlərin hesabatlılığında uyğunsuzluqlara səbəb olub.
Auditorun məhdud əminlik səviyyəsində təsdiq etdiyi xərc istiqamətləri üzrə fəaliyyətinin, Fondun aparatın saxlanılması xərcləri və daxili nəzarət sisteminin təşkili ilə bağlı fəaliyyət istisna olmaqla, qüvvədə olan hüquqi aktlara əsasən uyğun olması barədə rəy təqdim edilib.
Qəbul edilmiş Kollegiya qərarında pensiya və müavinətlərin ödənilməsi istiqamətində nöqsanlar üzrə ümumilikdə 36,7 min manat vəsaitin bərpa edildiyi nəzərə alınıb, bu istiqamətdə 38,3 min manat artıq, 19 pensiyaçı üzrə 18 min manat əskik, həmçinin 115 pensiyaçı üzrə fərdi uçot məlumatlarında dəqiqləşmələr aparılaraq artıq və ya əskik ödəmələr müəyyənləşdirilmiş hallar üzrə vəsaitin, eləcə də bəzi müqavilələr üzrə 34,3 min manat çatışmazlıq məbləğinin bərpasının təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi tapşırılıb.