“Bizim edə bilmədiyimizi Ərdoğan bacardı” – Alman general
“Taxıl anlaşması həm Rusiya, həm də Ukrayna ilə münasibətləri yaxşı olan Türkiyə prezidentinin uğurudur”.
Bunu Almaniyanın keçmiş kansleri Angela Merkelin hərbi müşaviri, briqada generalı Erix Vad deyib.
General BMT baş katibi Antonio Quterreşin də bu işə öz töhfəsini verdiyini bildirib.
“Bu müqavilənin uzadılmasına şadam. Bununla gələcək danışıqlar üçün zəmin hazırlanır. Bu format çox maraqlı ola bilər. Türkiyə prezidenti hələ də Putinlə danışdığı üçün bu prosesdə həlledici rol oynaya bilər. Bir çox Qərb dövlət adamları bunu edə bilmirlər və ya sadəcə telefonla danışırlar”, – Vad vurğulayıb.
Merkelin keçmiş müşaviri Almaniyanın Rusiya-Ukrayna müharibəsinə siyasi və diplomatik həll axtarmadığını və buna soyuq yanaşdığını, Türkiyənin bu baxımdan istisna olduğunu söyləyib.
Dövlət adamları arasında şəxsi təmasların vacibliyini vurğulayan Erix Vad deyib ki, Prezident Ərdoğan Rusiya lideri Putinlə görüşmüş yeganə səlahiyyətli və təcrübəli Avropa siyasətçisidir.
NATO-nun genişlənmə prosesinə toxunan istefada olan briqada generalı Türkiyənin alyans üçün böyük önəm kəsb etdiyini bildirib:
“Türkiyə NATO üçün böyük geostrateji önəmə malikdir. Türkiyə NATO-da ikinci ən böyük ordusudur. Almaniyanın artıq bu mövqedə olduğunu deyə bilmərik. Türkiyə Silahlı Qüvvələri tam fəaliyyətdədir. Türkiyənin həqiqətən yaxşı ordusu var və buna görə də Türkiyə Qərb üçün çox önəmlidir”.
Vad PKK terror təşkilatının terror aktlarına diqqət çəkib və Türkiyənin terrorla bağlı narahatlığının anlayışla qarşılanması lazım olduğunu bildirib:
“PKK-nın Türkiyədə terror aktları törətdiyini görmək və anlamaq lazımdır. Onu da anlamaq lazımdır ki, Türkiyənin Suriya və İraqla çox uzun sərhəd xətti var və orada özünü qorumalıdır.
Türkiyə həmin bölgədən 3.5 milyondan çox qaçqını qəbul edib. Bu, Almaniyanın qəbul etdiyi qaçqınların sayından çoxdur. Bu baxımdan bölgədə təhlükəsizliyin Türkiyə üçün vacib olduğunu başa düşmək olar. Bunu belə qəbul etmək lazımdır”.