DÇ-2022: Argentina millisi ilk oyunda məğlub olub
Futbol üzrə Argentina millisi Qətərdə keçirilən dünya çempionatının C qrupunda ilk matçına çıxıb.
Lionel Skaloninin baş məşqçi olduğu komanda I turda Səudiyyə Ərəbistanı ilə üz-üzə gəlib.
Qarşılaşma Asiya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. Görüşdə hesabı cənubi amerikalılar açıblar. 10-cu dəqiqədə Lionel Messi penaltini dəqiq yerinə yetirib. İkiqat dünya çempionu fasiləyə öndə yollanıb.
Səudiyyə Ərəbistanı yığması fasilədən sonra gözlənilmədən iki qol vurub. 48-ci dəqiqədə Saleh Al Şehri tarazlığı bərpa edib. 53-cü dəqiqədə Salem Al Davsari komandasını önə keçirib.
Beləliklə, Argentina DÇ-2022-yə məğlubiyyətlə start verib. Qrupun digər oyununda Meksika və Polşa yığmaları münasibətlərə aydınlıq gətirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.