“Azərbaycan böyük sürətlə inkişaf edir” – Amerikalı investor
“Azərbaycan iqtisadiyyatı böyük sürətlə inkişaf edir”.
Bunu açıqlamasında amerikalı investor, Dünya Bankının ilkin mərhələdə maliyyələşdirmə və özəl investisiyalar üzrə müşaviri Patrik Ceyms Makqinnis deyib.
Onun sözlərinə görə, tarixən neft Azərbaycanın iqtisadi inkişafında mühüm amil olub, lakin hazırda dünyanın bir çox ölkələri rəqəmsal texnologiyaların gələcək olduğunu başa düşür.
P.Makqinnis bildirib ki, Azərbaycanda həm investorlar, iş adamları fəaliyyət göstərir, həm də Azərbaycanın ABŞ və Avropada inkişaf etmiş diasporu var.
Amerikalı investor qeyd edib ki, Azərbaycan spesifik, səmərəli coğrafi mövqeyə malikdir: “Siz Yaxın Şərq, Türkiyə, Qərbi Avropa, ABŞ-da biznes fəaliyyətinə istiqamətlənə bilərsiniz. Bir çox xalqlardan fərqli olaraq, azərbaycanlılar təkcə Qərbdə deyil, məsələn, Yaxın Şərq ölkələrində də biznesi inkişaf etdirməyə çalışırlar”.
Azərbaycanda hansı sektorların inkişaf perspektivlərinin olduğu və hansı sahələrə böyük həcmdə investisiyaların qoyulmasının mümkünlüyü barədə sualı cavablandıran ekspert bildirib ki, neft-qaz, həmçinin kənd təsərrüfatı ilə bağlı texnologiyalara dair çox maraqlı imkanlar var.
Amerikalı investor vurğulayıb ki, informasiya texnologiyaları bu regionda ən maraqlı istiqamətlərdən biridir və Azərbaycanda bir çox şirkətlər bu sahə ilə maraqlanır və informasiya texnologiyaları onların diqqət mərkəzindədir.
Sahibkarlığın inkişafına dövlət dəstəyindən bəhs edən P.Makqinnis deyib ki, bu, çox vacib amildir: “Hökumətin təhsil sisteminin lazımi texniki bacarıqlara malik insanların uğurunu təmin etməsi məsələsinə diqqət yetirməsi vacibdir. Bildiyim qədər, Azərbaycanda bu bacarıqların inkişafına böyük diqqət yetirilir”.