“Rusiya Ukrayna ilə müharibədə zəifləyir, artıq Qarabağda…” – Analitik
“Azərbaycan çalışır və istəyir ki, sülhməramlı kontingent zamanı gəldikdə Qarabağdan çıxsın. Bu gün sülhməramlıları çıxara bilmirik, çünki rəsmi olaraq onlar 2025-ci ilə qədər rada olmalıdırlar. Amma bizim topladığımız, əldə etdiyimiz faktlar göstərir ki, sülhməramlıların xidmətinin başa çatmasına altı ay qalmış biz bu məsələni çox ciddi şəkildə ortaya qoya bilərik”.
Bunu hərbi analitik Azad İsazadə deyib.
O bildirib ki, rus ordusu hazırda o qədər zəifləyib ki, biz Kremlin fikirlərini diqqətə almaya da bilərik:
“Əslində əvvəl də biz 2-3 min nəfər rus hərbçisini yarıb keçə bilərdik. Sadəcə olaraq Rusiyaya qarşı güc istifadə etmək, münasibətləri kəskin həddə gətirib çıxarmaq istəmirik. Çünki bu həm də təhlükəli yoldur”.
Bununla belə Azad İsazadə diqqəti bir məqama da çəkərək vurğulayıb ki, rus sülhməramlıları çıxsa, mümkündür ki, başqa ölkələr onu əvəz etmək niyyətinə düşə bilər:
“Məsələn, Fransa. Fransızlar gələcəksə, elə ruslar qalıb da. Aydındır ki, biz fransızları öz ərazimizə-Qarabağa buraxmayacağıq. Lakin onların hansısa formada iştirakı arzuolunan deyil. Qənaətimcə, biz rusları çıxarmağa çalışacağıq və bu gün əlimizdə kifayət qədər sübutlar var. İndiki halda biz bu sübutları çoxaltmalıyıq. Əlbəttə, əgər missiyadan kənar fəaliyyət varsa, xüsusilə, bu, cinayət fəaliyyətidirsə, onu ifşa etmək lazımdır. Bu baxımdan Azərbaycan tərəfinin fəaliyyətini qənaətbəxş hesab edirəm. Ümid edirəm ki, əsaslı sübut-dəlillər sonda Rusiyanın cığallıq etməsinə qarşı tutarlı arqument olacaq”.
Analitik əlavə edib ki, Rusiya Ukrayna ilə savaş səbəbindən zəiflədikcə, sülhməramlıların Qarabağdakı məsuliyyət zonasından çıxması da reallaşacaq: “Söhət təkcə çıxmasından getmir. Moskvada mərkəzi hökumət zəifləsə, burada nəyisə həll etməyə gücləri qalmayacaq”.