İranda dar ağacları quruldu – İran üzərində ölüm kabusu dolaşır
Molla rejiminin məcburi hicab tələbi və “əxlaq polisi”nin sifarişli qətllərinə təpki olaraq başlayan kütləvi nümayişlər qısa zamanda rejim əleyhinə etiraz olaraq bütün ölkəyə yayıldı. Təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində yüzlərlə insan ölüb, minlərləsi yaralanıb. 40-a yaxın polisin öldüyü nümayişlər zamanı 20 minə yaxın insanın saxlanıldığı bildirilir.
Molla rejiminin nümayişlər zamanı saxlanılan minlərlə insanın edamına hazırlaşması barədə məlumat yayılıb.
Oktyabrın 31-də Tehranın baş hakimi Əli əl-Kasi Mihr təkcə paytaxtda “dövlət əmlakını yandırmaq”, “dağıdıcı hərəkətlər etmək”, “xəsarət yetirmək və ya ölümə səbəb olmaq”, “təhlükəsizlik qüvvələrinə hücum etmək” kimi əməllərə görə minə yaxın ittihamnamə hazırlandığını açıqlayıb.
“Üsyan liderləri” kimi qələmə verilərək saxlanılan dinc nümayişçilərdən bəziləri molla rejiminin “Cinayət Məcəlləsi”nin “odlu və soyuq silahla insanlara hücum etmək”, “yer üzündə fitnə-fəsad törətmək”, “milli təhlükəsizliyə təhlükə törədərək qorxu və terror yaratmaq”, “ictimai asayişi pozmaq” və s. kimi ittihamları ilə edamla mühakimə olunur.
Ötən bazar günü İran parlamentində 227 deputatın imzası ilə nümayişlərdə saxlanılan dinc insanlara edam cəzasının verilməsini təklif edən bəyanatı qəbul olunub.
Oktyabrın 29-da İnqilab Məhkəməsində keçirilən iclasda nümayişlərdə saxlanılan Məhəmməd Qubadi, Saman Seyyidi, Məhəmməd Bəruqani, Əbülfəzl Mihri Hüseyn Hacılı, Möhsün Rzazadə Qaraqlı və Səid Şirazinin işlərinə baxılıb. Sözügedən şəxslər “yer üzündə fitnə-fəsad törətmək”, “ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək üçün toplanmaq”, “təhlükəsizlik qüvvələrinə hücum etmək”, “ölkədə ictimai asayişi pozmaq və dövlət əmlakını yandırmaq” ittihamları ilə mühakimə edilib. Həmin şəxslərə artıq edam cəzasını verildiyi bildirilir.
İranda məşhur olan 27 yaşlı kürd əsilli repçi Saman Yasinə də 10 dəqiqə davam edən məhkəmədə ölüm cəzası verilib. O, Məhsa Əmininin qətli ilə başlayan etirazlara dəstək verdiyi üçün molla rejimi tərəfindən dara çəkiləcək.
Məlumata görə, edam məhkum edilənlər arasında Azərbaycan əsilli keçmiş futbolçu Əli Dayeyi də var. Sabiq oyunçu da molla rejiminin əleyhdarlarındandır.
Digər tərəfdən, İran rejiminə müxalif olan “IranWire” xəbər saytı Tehrandakı nümayişlər zamanı saxlanılan Mahan Sədarətə də edam cəzasının verildiyini bildirib. Adını açıqlamayan mənbə deyib ki, hakim Sədarətə “motosikleti yandırmaq, şəxsi telefona zərər vurmaq və qəsdən bıçaqla xəsarət yetirmək” ittihamı ilə ölüm hökmü mətni hazırlayıb, bu qərarını yaxın günlərdə açıqlayacaq.
Sədarət bir həftə əvvəl keçirilən iclasda ona qarşı irəli sürülən ittihamları rədd edib.
Norveçdə fəaliyyət göstərən İran İnsan Haqları Təşkilatı (IHR) təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində həyatını itirənlərin sayını açıqlayıb. Məhsa Əmininin ölümündən sonra başlayan nümayişlərdə ölənlərin sayı 300-ü keçib.
Sünnilərin yaşadığı Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhəri sentyabrın 30-da etirazçılarla təhlükəsizlik qüvvələri arasında “qanlı cümə” kimi tanınan böyük hadisələrin şahidi olub. Hadisələr zamanı 40-dan çox insan həlak olub.
Nümayişlər zamanı baş verən hadisələrdə 30-dan çox polisin öldüyü də bildirilir./teleqraf.com