Paşinyan yeni müharibənin fitilini çəkdi – Ordusunun qalıqlarını Qarabağdan çıxarmayacağını bəyan etdi…
Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında Azərbaycanın ünvanına hədyanlar yağdırıb. Prezident İlham Əliyevin Zəfər günü Şuşada hərbçilər qarşısında çıxışında səsləndirdiyi bəyantlara cavab verməyə çalışan Paşinyan həddini aşaraq bölgədə yeni hərbi gərginliyə rəvac verib.
Baş nazir iddia edib ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda sülhməramlıların “dağlıq Qarabağ”da 5 il müddətinə yerləşdirildiyi, ardıcıl 5 il müddətinin avtomatik uzadılması qeyd olunub.
“Təkrar edirəm, avtomatik uzadılır. Bu, mahiyyət etibarı ilə o deməkdir ki, “dağlıq Qarabağ” ermənilərinin hüquqları və təhlükəsizliyi ilə bağlı bütün məsələlər həll olunana və ermənilərin təhlükəsizliklə bağlı bütün narahatlıqları həll olunana qədər sülhməramlılar qeyri-müəyyən müddətə Qarabağda qalmalıdır”, – Baş nazir deyib.
Bununla Ermənistan rəhbəri sözgedən sənədi təhrif etməklə Putin hakimiyyətinə trolluq edib.
Qeyd edək ki, Üçtərəfli Bəyanatın 4-cü maddəsində deyilir: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyətini tərəflərdən hər hansı biri bəyan etməzsə, avtomatik olaraq növbəti 5 illik müddətlərə uzadılır”.
Prezident İlham Əliyev isə Şuşadakı çıxışında Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazilərində qalma müddətinin 5 il olduğunu bildirib
. “...Qarabağ bizim torpağımızdır. Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər”, – ölkə başçısı vurğulayıb.
Paşinyan daha sonra əsassız iddialarını davam etdirərək bildirib ki, Azərbaycan Prezidenti Ermənistanın öhdəliklərini yerinə yetirməməsi bəhanəsi ilə Laçın dəhlizinin bağlanmasına, Qarabağ ermənilərinin mühasirəyə alınmasına, onların soyqırıma və depatriasiyasına zəmin yaratmağa çalışır.
Qeyd edək ki, Prezident İlham Əliyev Şuşada bəyan edib ki, Azərbaycan bütün beynəlxalq razılaşmalara həmişə hörmətlə yanaşır.“Biz ədalətli insanlarıq və ədalətli ölkəyik. Əgər biz hansısa öhdəliyi öz üzərimizə götürmüşüksə, onu yerinə yetiririk. Biz 2020-ci ilin 10 noyabr Bəyanatında üzərimizə götürdüyümüz bütün öhdəlikləri yerinə yetiririk, iki ildir ki, yerinə yetiririk, amma Ermənistan yerinə yetirir? Yox! İkinci Qarabağ müharibəsindən dərhal sonra, sadəcə olaraq, o qədər qorxu içində idi ki, təbii, o müddəaları yerinə yetirmişdir və bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında olan əraziləri bizə qaytarıldı. Əgər qaytarmasaydı, yenə də başlarını əzəcəkdik. Amma ondan sonra? Ondan sonra yenə vaxt uzatmağa başladı. Mən bir daha demək istəyirəm, o öhdəlik hələ tam yerinə yetirilməyib. Erməni silahlı qüvvələri Qarabağda nə gəzir? Bizim səbrimiz tükənməz deyil və bir daha xəbərdarlıq etmək istəyirəm, əgər bu öhdəlik yerinə yetirilməsə, Azərbaycan lazımi addımlar atacaq”.
Paşinyan isə bu barədə verdiyi açıqlamalarla Azərbaycanın növbəti cəzalandırma əməliyyatına tamamilə təxirəsalınmaz əsaslar yaradıb. O,həyasıcasına iddia edib ki, Qarabağda Ermənistan ordusu yoxdur, “dağlıq Qarabağ”ın müdafiə ordusu var: “Bu da Azərbaycanın soyqırımı siyasətinin həyata keçirilməsinə ciddi maneədir. Ermənistan və erməni xalqını onlarla qardaşlıq hissləri və tərəfdaşlıq münasibətləri bağlayır…”
Azərbaycan lideri isə çıxışında erməni tərəfinə və onların havadarlarına xatırlatmışdl ki, 13-14 sentyabr əməliyyatından sonra Azərbaycan-Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələri yerləşib:“Ermənistan gözəl anlamalıdır bu, nə deməkdir. Bu gün həmin strateji yüksəkliklərdən Qarakilsə, Qafan, Gorus, İstisu şəhərlərini biz gözlərimizlə görürük. Biz Bala Göyçə gölünün sahilindəyik. Böyük Göyçə gölü də gözümüzün önündədir. Bütün bunlar reallıqlardır. Bu reallıqları biz yaratmışıq, Vətən müharibəsindən sonra. Nə üçün? İlk növbədə, Ermənistanın hərbi təxribatlarına cavab olaraq, digər tərəfdən, özümüzü gələcək hərbi təxribatlardan sığortalamaq üçün. Çünki dediyim yüksəkliklərdən Ermənistanın əksər postları görünür və əgər orada qüvvələrin konsentrasiyası baş verərsə, biz bunu görüb dərhal tədbir görəcəyik. Eyni zamanda, ona görə ki, Ermənistan öz beynəlxalq öhdəliklərini yerinə yetirmir. Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olub, ordusu darmadağın edilib. Məğlub edilmiş ölkə özünü belə apara bilməz. Ona görə bizim bütün addımlarımız əsaslıdır…”
Beləliklə, Ermənistan hakimiyyəti nəticəsiz və gərgin keçən Soçi görüşündən və Fransa Prezidenti E.Makronun anti-Azərbaycan mövqeyindən yanlış nəticələr çıxarıb. Baş nazir hesab edir ki, Azərbaycan Prezidentinin Putinin Soçidə “ümidlərini” məhv etməsi, habelə Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədinə müşahidəçilər gətirməsi Bakının əl-qolunu bağlaya bilər.
Paşinyan belə nəticəyə gələrkən nədənsə İlham Əliyevin Şuşada səsləndirdiyi növbəti xəbərdarlığı unudub: “İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək. Əgər orada kimsə – istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək və son iki ilin tarixi bunu göstərdi. Hətta bu il “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr – bütün bunlar Ermənistan üçün dərs olmalıdır… Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər”.
Beləlilklə, Ermənistan rəhbərliyi növbəti dəfə müvəqqəti situasiyalardan uzağagedən nəticələr çıxarmaqla ölkəsini fəlakətə sürükləyir. Bu iddialar Qarabağda antiterror əməliyyatına, separatçılarla birgə onların “müdafiə ordusunun” tamamilə məhv edilməsin gətirib çıxara bilər./azpolitika.info