III Dədə Qorqud Türk Dünyası Film Festivalı gələn il Şuşada keçiriləcək
Türkiyənin Bursa şəhərində keçirilən II Dədə Qorqud Türk Dünyası Film Festivalında Azərbaycan filmləri həm müsabiqə, həm də müsabiqədənkənar proqramlarında yer alıb.
Azərbaycanın Mədəniyyət Nazirliyindən verilən məlumata görə, müsabiqədə iştirak edən filmlərimiz böyük maraqla qarşılanıb.
Festivalın bağlanış mərasimində Azərbaycan mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.
Tədbirdə münsiflər heyəti tərəfindən Xalq artisti Vaqif Mustafayev “Türk dünyasının ən yaxşı rejissoru” mükafatı ilə təltif edilib. Azərbaycanlı kinorejissor bu mükafata festivalda iştirak edən “Həyat, deyəsən, gözəldir” bədii filminə görə layiq görülüb.
Digər nominasiyalar üzrə qaliblərə də mükafatlar verilib.
Sonra Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənovla Türkiyənin “Bozdağ” film şirkətinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi və “Bozdağ” film şirkətinin iştirakı ilə birgə çəkiləcək, şərti adı “Vətən müharibəsi” olan 8 seriyalı filmlə bağlı müzakirə aparılıb.
Mərasimdə III Dədə Qorqud Türk Dünyası Film Festivalının 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” olacaq Şuşa şəhərində keçiriləcəyi elan edilib. Türkiyə Cümhuriyyətinin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy III festivalın simvolunu mədəniyyət naziri A.Kərimova təqdim edib.
Festivalın əhəmiyyətini qeyd edən A.Kərimov layihənin Türk dünyası kinosunun tanınması və təbliğinə, eləcə də bu sahənin inkişafına töhfə verəcəyini vurğulayıb. Nazir bütün iştirakçıları gələn il Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçiriləcək üçüncü festivalda görmək istədiyini də diqqətə çatdırıb.
Sonda Azərbaycanın Xalq artisti Azərin konsert proqramı ilə çıxış edib. Konsert alqışlarla qarşılanıb.