Teokratın taxtı niyə laxlayır? – İranda rejim dəyişikliyini labüd edən faktor
“1979-cu ildə İranda teokratik rejim qurulduqdan sonra vətəndaşların böyük bir qismi yeni qaydalarla barışmadı. Bu hadisədən dərhal sonra “İslam inqilabı”na qarşı etirazlar başlamışdı. Bir çox bölgələrdə şah tərəfdarları və sol siyasi qruplar yeni rejimin diktə etmək istədiyi sistemi qəbul etmək istəməmişdilər”.
Bunu ReAl partiyası sədrinin müavini Natiq Cəfərli deyib.
O bildirib ki, 1979-cu il inqilabəndan sonra teokratik rejim dərhal yaranmadı:
“Hətta şah əleyhinə aksiyaların əsas təşkilatçıları solçular-kommunistlər idi. İnqilabdan sonra ölkədə bir müddət rejim və sistemlə bağlı müzakirələr getdi, teokratik rejim hələ qurulmamışdı, repressiyalar yox idi. Amma dini çevrələr mütəşəkkil olduqları üçün daha tez təşkilatlandılar. 1980-ci ilin əvvəlində İranda böyük repressiyalar, həbslər, qətllər, teokratik rejimin qaydaları zorla tətbiq edilməyə başlandı. Amma pararlel olaraq narazılıq və etirazlar da artırdı.
İranın yeni rejiminə daxili etirazları yatırmaq üçün mütləq müharibə lazım idi və elə də oldu. 1980-ci il 26 avqust tarixində ilk atəş açıldı, sentyabrın 22-də isə İraqla müharibə başladı. Formal olaraq ilk atəşi İraq açsa, ilk hərbi müdaxiləni Səddam başlasa da, buna qədər İran tərəfdən elə təxribatlar oldu ki, müharibə qaçılmaz hala gəldi.
Səkkiz il davam edən müharibədə hər iki ölkədən 1.5 milyon insan həyatını itirdi, müsəlmanlar öz dindaşlarını qırdılar, şəhərlər, kəndlər xarabalığa çevrildi. Müharibə hərbi anlamda nəticəsiz bitdi, amma məhz səkkiz illik müharibə İranda etirazları sıfırladı. Müharibə dövründə teokratik rejim möhkəmləndi və tam hakimiyyəti əla aldı. Bir sözlə, müharibə, “xarici düşmən” obrazı daxili problemlər ətrafında yaranmış etirazları yatırdı”.
Natiq Cəfərli hazırda İran daxilində baş verən proseslərə diqqət çəkib:
“Bu gün təhlükəli olan budur ki, İran bu təcrübəni yaxşı mənimsədiyindən daxildə həftələrlə davam edən, bütün ölkəni əhatə edən etirazları yatırmaq üçün yenə də “xarici düşmən” obrazını qabardaraq kiçik, lokal müharibələrdə maraqlı ola bilər. Amma Tehran anlamalıdır ki, bu gün öz ölkəsində baş verənlər nəsil dəyişikliyinin gətirdiyi fundamental problemlərdən qaynaqlanır. Bu məsələləri təkcə lokal müharibələrlə, xarici ölkələrlə münasibətləri gərginləşdirməklə, etrazları qəsdən sırf “etnik separatizm” müstəvisə çəkməklə həll edə bilməyəcək. Bu gün dövr də, beynəlxalq vəziyyət də, ən əsası isə ölkənin demokrafik xəritəsi fərqlidir.
İran əhalisinin 75 faizə yaxını 0 yaşla 65 yaş arasıdır. 0 yaşla 15 yaş arası uşaqlar əhalilinin 25.1 faizini təşkil edir. Yəni bu başqa nəsildir, başqa istəkləri və gözləntiləri var. İranda sistem dəyişikliyinin qaçılmaz olmasının əsas səbəbi məhz nəsil dəyişikliyidir. Teokratik sistem son 40 ildə gəncliklə dil tapa, ona öz davranış qaydalarını öyrədə bilmədi. Bu isə müharibələrlə, “xarici düşmən”lə həll olunası problem deyil”./teleqraf.com