Kremlin Xankəndidə yaratdığı “izdiham” və Rusiya mediasının icra etdiyi əmrlər – Moskvanın planı nədir?
Soçi şəhərində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşündən bir gün əvvəl Xankəndidə təşkil olunan mitinqdə iştirak edən insanların sayı geniş müzakirələrə səbəb olur. Erməni mənbələrinin yaydığı məlumata görə, aksiyada 40 minə yaxın “sakin” iştirak edib.
Azərbaycan tərəfinin ötən dövr ərzində yaydığı rəsmi məlumatlarda isə Xankəndi və ətrafındakı ərazilərdə 25 min nəfər erməninin yaşadığı qeyd olunur. Çünki 44 günlük müharibə nəticəsində Qarabağda yaşayan erməni əhalinin çoxu bölgəni tərk etmişdi.
Bəs necə olur ki, 25 min əhalinin yaşadığı bölgədə mintinqə 40 min insan çıxır?
Bu sual ətrafında kiçik araşdırma apardıqda məlum olur ki, Xankəndidə keçirilən mitinqdə iştirak edənlərin əksər hisəsi orada yaşamır. Onlar əvvəlcədən müxtəlif bəhanələrlə Ermənistandan Xankəndiyə gətirilib. Məqsəd isə 1988-ci ildə təşkil olunmuş aksiyanın effektini yaratmaq idi. Təşkilatçılar 1988-ci ildəki mitinqin effektini yaratmaq üçün bütün inzibati təsir imkanlarından istifadə ediblər ki, aksiyada çox insan iştirak etsin.
Həttə ötən gün keçirilən mitinqdə 1988-ci ildə təşkil olunmuş aksiyalardakı ilə eyni – “Azərbaycana tabe olmaq istəmirik”, “Öz müqəddəratımızı özümüz təyin etmək istəyik” tipli şüarlar qaldırılıb.
Xankəndidəki “izdihamı” kim təşkil edib?
Rusiya tərəfinin çıxışlarından, açıqlamalarından aydın oldu ki, Kreml Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarının gedişindən, xüsusilə Qərb dövlətlərinin Qarabağla bağlı planlarından narazıdır. Bu səbəbədən, bütün təsir imkanlarını işə salıb.
Xankəndidəki aksiyanın baş tutması da göstərir ki, “izdiham” görüntüsünün təşkilində və təqdim olunmasında sülhməramlıların birbaşa iştirakı var. Ermənistandan danışan “iştirakçıların” Laçın yolundan maneəsiz keçməsi də Rusiya sülhməramlılarının aksiyanın təşkil edilməsində maraqlı olduğunu göstərir.
Kremlin Xankəndidə yaratdığı “izdiham” və Rusiya mediasının icra etdiyi əmrlər
Digər tərəfdən, son dövrlər Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesinə xarici müdaxilələr kəskin şəkildə artıb. Prosesi pozmağa yönələn ən kəskin siyasi ritorikalı bəyanatlar və addımlar şimal qonşumuzdan gəlir. Məsələn, son iki həftə ərzində Rusiya mediasında Azərbaycana qarşı təxribat xarakterli yazıların və sujetlərin sayı kəskin artıb. Həmin materiallarda Azərbaycanın ərazi bötövlüyü açıq şəkildə şübhə altına alınır, sülh prosesinə və Rusiyanın vasitəçiliyinə kölgə salan fikirlə səsləndirilir.
Görünən odur ki, Rusiya həm Xankəndidə təşkil etdiyi “izdihamlı” mitinqlə, həm də media vasitəsi göstərdiyi təzyiqlərlə Qarabağda məqsədlərini reallaşdırmaq istəyir.
Rusiyanın əsas məqsədi nədir?
1. Kreml bölgəyə təsir imkanlarını saxlamaq üçün Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasını uzadır və “sülhə töhfə vermək istəyirik” görüntüsü yaradır. Çünki sülh müqaviləsi imzalansa, Rusiya qoşunlarına nə Qarabağda, nə də Ermənistanda ehtiyac qalmayacaq;
2. Rusiya Qərbi sülh prosesindən uzaqlaşdırmaq istəyir. Çünki Azərbaycan və Ermənistan Qərb dövlətlərinin vasitəçiliyi ilə sülh müqaviləsi imzalasa, Moskva Cənubi Qafqazda sıxışdırılacaq.
3. Qarabağdakı “erməni kartı”nı işə salaraq, ermənilərin Azərbaycanın tərkibində yaşamaq istəmədiyini nümayiş etdirir və Rusiya sülhməramlılarının bölgədə qalma müddətini uzatmağa çalışır. Bu məqsədlə Qarabağda “izdihamlı” aksiya təşkil edib göstərməyə çalışır ki, bölgədə yaşayan ermənilər Azərbaycanın qanunları ilə yaşamaq istəmir və Rusiyanın təhlükəsizliyi təmin etmək üçün bölgədə qalması vacibdir;
4. Rusiya göstərməyə çalışır ki, Ermənistan və Azərbaycan Qərbin təşəbbüsləri ilə razılaşsa, Qarabağdakı ermənilər onların qərarlarını icra etməyəcək. Rusiya da Qarabağdakı ermənilərin mövqeyini dəstəkləyəcək.
5. Rusiya son nəticədə Soçi görüşündə qəbul olunacaq qərarlara təsir etməyi planlaşdırır.