Politoloq: İran Zəngəzur dəhlizi amilindən ciddi narahatdır
Azərbaycan hazırda Qərbin çox önəmli enerji partnyorlarından biridir. Digər tərəfdən Azərbaycanın Türkiyə kimi strateji müttəfiqi var və biz qardaş ölkə ilə Şuşa Bəyannaməsi imzalamışıq. Yəni İranın Azərbaycana istənilən hərbi təhdidi Türkiyə ərazilərinə edilmiş hücum hesab olunacaq. Türkiyə də Şuşa Bəyannaməsi və Türkiyə ilə Azərbaycan arasında imzalanmış digər əməkdaşlıq sənədlərinin ruhuna uyğun olaraq hərbi formada yanımızda yer alacaq. Bu zaman İran təkcə Azərbaycanla deyil, Türkiyə ilə də savaşa başlamış olacaq. Bu da qeyri-mümkün görünür. Bildiyimiz kimi, Azərbaycanın həm hərbi, həm müdafiə sənayesi potensialına görə İrandan dəfələrlə üstün olan Pakistan kimi çox önəmli strateji müttəfiqi var. O da məlumdur ki, Pakistanın İranla münasibətləri yaxşı deyil. Bununla yanaşı, Azərbaycan İsraillə də bir çox sahələrdə əməkdaşlıq həyata keçirir.
Bu fikirləri açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.=
Politoloq qeyd edib ki, Tehranın hansısa bir ölkə ilə savaş aparmaq potensialı yoxdur. İran ordusunu nə qədər qüdrətli təqdim etsə də, məlumdur ki, qonşu ölkənin Rusiyaya satdığı “Şahed” və digər pilotsuz uçuş aparatları Azərbaycanın Türkiyədən aldığı “Bayraqdar”la, İsrail istehsalı “Harop”la, həmçinin başqa müdafiə sənayesi məhsulları ilə müqayisədə çox zəifdir.
“İranda 40 milyona yaxın azərbaycanlı yaşayır və onlar orduda, hüquq mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışırlar. Birinci hərbi təlimlər zamanı da biz gördük ki, Azərbaycan əsilli zabitlər, əsgərlər təlimlərə etiraz edib sosial şəbəkələrdə paylaşırdılar. Yəni ordunun ölkəmizə qarşı hansısa real bir təhdidi baş verərsə, azərbaycanlı faktoru, ilk növbədə, İranın qarşısında müdafiə parametrini formalaşdıracaq. Hesab etmək olar ki, bu da daxili parçalanmaya səbəb olacaq.
Rəsmi Tehranın hərbi təlimlər keçirməsində ikinci məqsəd daxildə baş verən narazılıqlarla da bağlıdır. Bir aydan çoxdur ki, İranın bütün şəhərlərində etiraz aksiyaları keçirilir. Küçələrdə qadınlar hicabsız gəzir, hüquq-mühafizə orqanları ilə silahlı atışmalar gedir. Qonşu ölkənin uzun illər formalaşdırmağa çalışdığı daxili tarazlıq və sabitlik tamamilə yerlə- yeksan olub. Ehtimal ki, bu prosesin qarşısı heç bir formada alınmayacaq və İran məcbur olub mütləq şəkildə insan haqlarına hörmət edən normal demokratik islahatlara start verəcək. Ölkə hazırda daxildə baş verən qarışıqlıqdan cəmiyyətin fikrini yayındırmaq üçün Azərbaycan və Türkiyə sərhədində təlimlər keçir”.
Tural İsmayılov İranın Zəngəzur dəhlizi faktorundan da ciddi formada narahat olduğunu bildirib: “İranın ən böyük qorxularından biri quru yolu açıldıqdan sonra gələcəkdə Türk Dövlətləri Təşkilatının (TDT) hərbi birliyinin yaranması məsələsidir. Azərbaycan bu günə qədər öz ərazisindən hansısa üçüncü dövlətin İran əleyhinə fəaliyyət göstərməyinə şərait yaratmayıb. Heç bir il deyil ki, Azərbaycan və İran arasında Anlaşma Memorandumu imzalanıb. Ölkəmizin digər əraziləri ilə Naxçıvanın quru əlaqəsinin İran ərazisindən gerçəkləşməsini özündə ehtiva edən memorandum mühüm töhfələr verə bilər. Həmçinin bilirsiniz ki, Prezident İlham Əliyev işğaldan azad edilmiş İranla sərhəd ərazilərə səfər edərkən həmin bölgələri dost sərhədləri, qonşu ölkəni isə dost adlandırmışdı. Heç bir beynəlxalq təşkilatda bu günə qədər İran əleyhinə hansısa sanksiya və qətnamələrdə Azərbaycanın imzası yer almayıb.
İranın bu gün daxilində çox ciddi problemlər var, ölkə ciddi dəyişiklik astanasındadır və hesab etmək olar ki, bu tip hərbi təlimlər və s. ancaq blefdir. Bunun belə olduğunu da bütün dünya yaxşı bilir. Dırnaqarası təlimlərlə İran özünü və dövlət rejimini gözdən sala bilər”.