Zəngilanda yazılan tarix – Əliyev və Ərdoğan saat əqrəblərini bir daha tutuşdurdular
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana – Zəngilana bir günlük işgüzar səfəri başa çatdı. Bu səfər bir daha göstərdi ki, Prezident İlham Əliyevin söylədiyi kimi, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın və müttəfiq, qardaş olan başqa iki dövlət yoxdur.
Bu mənada Ərdoğan yalnızca Zəngilan hava limanına ayaq basan ilk xarici ali qonaq deyildi, onun ziyarəti eyni zamanda, irili-xırdalı düşmənlərimizə və onların havadarlarına növbəti göz dağı idi. Qarabağın qanuni və halal yiyəsinin kim olduğunun hamıya növbəti əyani nümayişi idi. İki ölkə rəhbərləri bu xüsusda obrazlı desək, saat əqrəblərini bir daha tutuşdurdular. Dünyaya bundan sonra da birgə, bərabər addımlayacağının aydın anonsunu verdilər.
YAP-çı deputat Azər Badamov açıqlamasında bildirdi ki,
Türkiyə Prezidentinin işğaldan azad edilmiş Şərqi Zəngəzur iqtisadi rayonunda Zəngilan Beynəlxalq Hava Limanının açılışında və bir sıra yeni infrastruktur layihələrin təməlqoyma mərasimlərində iştirakı möhkəm birliyimizin və qardaşlığımızın göstəricisidir: “Bu gün ermənipərəst dövlətlərin Azərbaycana təzyiq göstərməyinə çalışdıqları bir zamanda Türkiyə dövlət başçısının cənab Prezidentlə çiyin-çiyinə dayanması bütün dünya üçün bir mesajdır. Türkiyənin yanımızda olması ermənilərin 30 ildə işğal altında saxladıqları torpaqlarımızı 44 gündə azad etməyimizə imkan yaratdı. İndi də müharibənin başa çatdığı iki ildə işğaldan azad olunmuş ərazilərimizdə görülən işlərin icrasında Türkiyə ilə bir yerdə görəcəyimiz və icra olunan layihələrin sürətini artırır.
Təbii ki, görülməli işlərimiz çoxdur. Yeni körpülər və tünellər inşa olunmalı, yollar və digər sosial infrastruktur yenidən tikilməlidir. Yaşayış məntəqələrinn baş planları təsdiq olunmuş və yenidən qurulmaqdadır. Türkiyə şirkətləri gücümüzə güc verir və işlərimizi daha müasir və keyfiyyətlə ərsəyə gətirməyimizə töhfə verir. Həm də Cəbrayılda dövlət başçılarının mətbuatda verdiyi birgə bəyanatlarda Türkiyə Prezideti Rəcəb Tayyib Ərdoğan xüsusilə Qərbin Azərbaycana ikili standartlarla münasibətini erməni vandallıqları fonunda sərt tənqid edərək qeyd etdi: “Sağıma, soluma baxıram. Gör işğal dövründə Cəbrayılı nə hala gətiriblər?! Qardaşıma sual verdim və dedim ki, aidiyyəti beynəlxalq təşkilatlar gəlib bu mənzərəni heç görmədimi? Yox, gəlmirlər dedi. Niyə gəlmirlər, çünki öz üzqaralarını görəcəklər”.
Azərbaycan-Türkiyə birliyi regionun ən böyük gücüdür, sülhün və təhlükəsizliyin davamlı olmasının təminatçısıdır. Məhz bir yerdə olmağımız düşmənlərimiz üçün göz dağına çevrilib. Biz bir yerdə işğaldan azad etdiyimiz torpaqları yenidən dirçəldərək keçmiş köçkünlərimizi öz yurdlarına qaytaracağıq. Həm də Zəngəzur dəhlizinin açılışını təmin etməklə ölkələrimiz arasında yeni bir bağlantı yaradacağıq. Bu yolda bizə nə Fransa, nə də digər dairələr mane ola bilməz. Kim müdaxilə etməyə cəhd edərsə, onun cavabını bir yerdə verəcəyik”.
Elxan Şahinoğlu: “Bundan sonra hər hansı dövlətin Azərbaycanı təkləmək planı alınmayacaq”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu iki qardaş ölkə rəhbərinin Qarabağdan verdiyi bəyanatları bir neçə müstəvidən dəyərləndirdi: “Rəcəb Tayyib Ərdoğanın Qarabağda İlham Əliyevlə verdikləri bəyanatlar əhəmiyyətli idi. Birincisi, hər iki lider Türkiyə-Azərbaycan ittifaqının bundan sonra da güclənəcəyini bildirdi. Liderlər Şuşa Bəyannaməsini xatırlatdılar. Bu bəyanat Azərbaycan-Türkiyə müttəfiqliyini rəsmiləşdirib. Azərbaycana qarşı həmlə həyata keçirmək istəyən qarşısında Türkiyəni görəcək. Bundan sonra hansısa dövlətin Azərbaycanı təkləmək planı alınmayacaq. İkincisi, Türkiyə Qarabağın bərpasında fəaliyyətini genişləndirəcək. Türkiyənin müxtəlif şirkətləri Qarabağda yollar və tunellər çəkir, aqroparklar açırlar. Qarabağda hava limanlarının tikintisində də Türkiyə şirkətləri iştirak edir. Bu Qarabağdakı şəhər və qəsəbələrin qısa müddətdə daha modern hala gələcəyinə zəmin yaradacaq. Qarabağ Azərbaycanla yanaşı, türk dünyasının iqtisadi cazibə mərkəzinə çevrilə bilər. Üçüncüsü, liderlər yenə də Zəngəzur dəhlizinin əhəmiyyətindən danışdılar. Ərdoğan bəzilərinin bu dəhlizdən ehtiyat etməsinin yersiz olduğunu vurğulamağı unutmadı. Bu İrana mesaj idi. Çünki məhz İran rəsmiləri, din xadimləri və generalları daim “sərhədlərin dəyişdirilməsinin yolverilməz olduğunu” bildirirlər. Halbuki sərhədlər dəyişdirilmir, Şərqi Zəngəzur və Qərbi Zəngəzur üzərindən Naxçıvana və Türkiyəyə nəqliyyat yollarının açılması nəzərdə tutulub. Görünür İrandakı dairələr bu nəqliyyat yollarının da əleyhinədirlər. Çünki İran rəsmiləri heç zaman Zəngəzur dəhlizi barədə müsbət fikir söyləmirlər. Buna görədir ki, Rəcəb Tayyib Ərdoğan bu dəfə bölgə əməkdaşlığı üçün düşünülən “3 + 3″ formatından (Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Rusiya və İran) danışmadı. Çünki İran dəhlizin əleyhinədirsə, regional əməkdaşlığın perspektivi qaranlıq görünür”.