“Problemli valideynlərin qarşısını almaq vəzifə borcumuzdur”- Direktor müavini
Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi və şagirdlərin nümunəvi məktəbdaxili nizam-intizam qaydaları haqda sənəd layihəsi hazırlanıb.
Bu, nümunəvi qaydalardır və çərçivə xarakteri daşıyır. Həmin sənəd vasitəsi ilə valideynlərin hüquqları daha da artırılacaq.
Pirallahı rayon 235 saylı orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elza Cəfərova yeni qaydaların valideynlər üçün effektiv xarakter daşıyacağını vurğulayıb:
”Çərçivə sənədi tədrisin keyfiyyətinin yüksəldilməsi və valideynlərin şəxsi fikirlərinin nəzərə alınması istiqamətində sevindirici haldır. Valideynlər heç vaxt istəməzlər ki, uşaqları nəzarət olunmayan məktəblərdə təhsil həyatlarını davam etdirsinlər.
Təbii ki, hazırda təhsil sahəsində problemlərimiz çoxdur, ilk olaraq onlar arasında nizam-intizam qaydalarının pozulması yer alır. Əgər məktəb rəhbərliyi yerində deyilsə, təhsil prosesində hər zaman problemlər olur. Tədrisin keyfiyyətini o zaman tənzimləyə bilərik ki, nizam və intizam qaydaları həyatımızda xüsusi yer alsın. Nizam və intizam olan yerdə tədrisin keyfiyyəti yüksək olacaq. Burada müavinlərin xüsusi rolu var. Məsələni tək məktəb direktorunun üzərinə atmaq düzgün deyil. Sadəcə o, vəzifə bölgüsü zamanı qərarları düzgün verməlidir ki, hər kəs işini düzgün icra edə bilsin”.
Direktor müavini qeyd edib ki, valideynlər üçün daha rahat şərait yaradılacaq:
”Heç bir valideyn istəməz ki, onun övladı nəzarətsiz məktəbdə təhsil alsın. Valideynlərin arzusudur ki, onun övladı istər geyim, istərsə də digər qaydaların yerində olduğu məktəblərdə oxusun.
Hazırda direktor müavini kimi işimə yeni başlamışam və bir çox problemlərlə qarşılaşıram. Təyin edildikdən sonra istər valideyn, istərsə də bəzi qurumlar tərəfindən bir sıra təxribatlarla üzləşdim. Bu gün isə aramızda olan məsələlərdə nəticə əldə etmişik. Nə qədər problemli valideynlər olsalar da, biz rəhbərlər onların qarşısını almalıyıq, bu, bizim vəzifə borcumuzdur. Həmin istiqamətdə Nizam-İntizam Şuralarının yaradılmasını çox düzgün hesab edirəm”./azedu.az