Bankların 318 milyon dollar borcu, 37 milyardlıq öhdəliyi var – Dollarlaşma azalıb…
Mərkəzi Bankın bu gün açıqladığı hesabatında bildirilir ki, 2015-ci ildən bəri dollarlaşma trendi azalıb. Bu ilin ikinci rübünün sonuna bank sistemi öhdəliklərinin 46 faizi, aktivlərininsə 40 faizi xarici valyutadadır.
Xatırladaq ki, 2015-ci ildə bu göstəricilər, uyğun olaraq, 73 və 58 faiz idi. Məhz bankların xarici valyutada öhdəliklərinin çox olması ölkənin maliyyə sektoru üçün ciddi problemlər doğurmuşdu. Milli valyutanın devalvasiyalar ucbatından dəyər itirməsi bankların xarici öhdəliklərini yerinə yetirməsini çətinləşdirmiş, nəticədə ölkədəki bankların təxminən üçdə biri batmışdı.
Mərkəzi Bankın məlumatlarında o da bildirilir ki, 2022-ci ilin ilk yarısında bankların xarici borclarının həcmi 17 faiz (66 milyon dollar) azalaraq 318 milyon dollara enib. Beləcə, öhdəliklərin strukturunda bankların xarici borcunun payı cəmi 1.5 faiz olub. Bankların cəlb etdiyi xarici borc ödənişlərinin yalnız 33 faizi növbəti ilin payına düşür.
Təhlillər göstərir ki, kredit portfelinin illik artım tempi 2016-cı ildən bu yana ən yüksək səviyyəsinə çatıb. İstər biznes, istərsə ipoteka portfeli üzrə illik artım tempi son illərin maksimumundadır. İstehlak portfeli üzrə illik artım tempi yüksək olsa da, 2019-cu il səviyyəsindən aşağıdır. Ölkənin kredit portfelində qeyri-işlək kreditlərin payı isə ötən ildən bəri dəyişməyərək 4.5 faiz qalıb.
Ötən il iqtisadi fəaliyyətin bərpası və daxili tələbin genişlənməsi fonunda önəmli artım göstərən bank sektorunun balansı ilk yarımildə də genişlənməyə davam edib. Birinci yarımildə bank sektorunun aktivləri 9 faiz artaraq 42 milyard manata yaxınlaşıb. Öhdəliklərsə 9.8 faiz artaraq 37 milyard manata yüksəlib. 2022-ci ilin ikinci rübünün sonu üzrə bank sektoru aktivlərinin 40.7 faizi xalis kredit portfeli, 37.3 faizi likvid aktivlər, 22 faizi digər aktivlərdir.
Bank sektorunun öhdəlikləri isə, əsasən, hüquqi şəxslərin depozitləri hesabına formalaşıb. Belə ki, bank öhdəliklərinin 53.3 faizi hüquqi şəxslərin, 28.2 faizi fiziki şəxslərin depozitləri, 18.5 faizi isə digər öhdəliklərdir. Müstəqil ekspertlər Azərbaycanda bank vəsaitlərinin formalaşmasında depozitlərdən belə böyük asılılığı bank sektorunun ən böyük risklərindən biri kimi qiymətləndirirlər. Bu amilin ölkədə tez-tez narazılıq doğuran kredit faizlərinin yüksəkliyi probleminə də təsiri var. Daha dayanıqlı inkişafa nail olmaq baxımından Azərbaycanda bank vəsaitlərinin formalaşma mənbələrinin çeşidləndirilməsi vacib amillərdən biri sayılır. /azpolitika.info