“ATƏT Azərbaycanla məsləhətləşmədən regionla bağlı addım ata bilməz”

 

Oktyabrın 21-27-də ATƏT Ermənistan hökumətinin dəvəti ilə bu ölkəyə ehtiyacların qiymətləndirilməsi qrupunu göndərəcək. ATƏT-in missiya göndərməsi absurd addım olduğundan, bu, Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb. Çünki bunun Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına xidmət etmədiyi gün kimi aydındır. Azərbaycan ictimaiyyətinin haqlı olaraq bu sual yaranıb: Əgər Avropa İttifaqı (Aİ) regiona missiya göndərirsə, ATƏT-ə nə ehtiyac var? Axı ATƏT 30 il münaqişənin dırnaqarası “sülh yolu ilə həlli” prosesi ilə məşğul olub, lakin bir dəfə də olsun işğal olunmuş ərazilərə missiya göndərməyib. Onun fəaliyyəti yalnız 3 həmsədr və sədrin şəxsi nümayəndəsinin ezamiyyə pullarını bölüşdürməsi və turist-qastrol səfərləri ilə kifayətlənib. Hər kəsə məlumdur ki, bu təşkilat ümumiyyətlə heç bir münaqişənin nizamlanmasına töhfə verməyib. 30 il Ermənistan-Azərbaycan münaqişəsi ilə “məşğul olublar”. Nəticəsi isə göz qabağındadır. Həmçinin 2014-cü ildən Ukraynadakı münaqişənin nizamlanması ilə də “məşğul olublar” və bu gün Şərqi Avropada savaş davam edir.

Məsələ ilə bağlı politoloq İlqar Vəlizadə açıqlamasında deyib ki, ATƏT Azərbaycanla məsləhətləşmədən regionla bağlı addım ata bilməz.

O, ATƏT-in Ermənistana qrup göndərmək üçün həm də Azərbaycanla məsləhətləşməli olduğunu vurğulayıb:

“Bildiyiniz kimi, Azərbaycan da ATƏT-in üzvüdür. Bu isə o deməkdir ki, ATƏT Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) fərqli olaraq regionla bağlı addım atarkən mütləq bizdən də icazə almalıdır. Bu qurum Azərbaycanla məsləhətləşmədən qərar verə bilməz. Bu, ATƏT-in prinsiplərinə ziddir. ATƏT-in missiyası yalnız o halda legitim olardı ki, onun yaradılması barədə qərar hər iki tərəflə məsləhətləşmələr aparıldıqdan sonra qəbul olunardı”.

Politoloqun sözlərinə görə, Ermənistan bu cür missiyalarla şou yaratmaq istəyir:

“Rəsmi İrəvan Bakının guya işğalçı olması ilə beynəlxalq ictimaiyyətdə rəy yaratmaq istəyir. Qarşı tərəf bu niyyətini gizlətmir. Ermənistan bu cür məkrli planlarla beynəlxalq ictimaiyyətin bizə təzyiq göstərməsinə çalışır. Hələ ATƏT sözügedən missiya ilə bağlı rəsmi açıqlama verməyib. Düşünürəm ki, heç bir beynəlxalq təşkilat, o cümlədən də ATƏT Ermənistanın oyuncağı olmamalıdır”.

İ.Vəlizadə hesab edir ki, ATƏT-in Ermənistana göndərdiyi qupdan hansısa müsbət nəticə gözləməyə dəyməz:

“Biz bu qurumun fəaliyyətinin nədən ibarət olduğunu əvvəl də görmüşük. Əksinə, onların birtərəfli davranmaları obyektivliklərini sual altına qoyur. Hər halda zaman hər şeyi göstərəcək”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password